AnalitikaGündəmİqtisadiyyatSiyasət
Trend

Qlobal Enerji Siyasətində Bakı Realizmi: Prezident İlham Əliyevdən Dünyaya Strateji Mesajlar

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılışındakı çıxışı həm regionun, həm də qlobal enerji bazarının gələcək mənzərəsini müəyyən edən strateji tezislərlə yadda qaldı. Dövlət başçısının nitqi, iqlim dəyişikliyi ilə mübarizə fonunda bəzi dairələrin formalaşdırdığı populizmə qarşı “praqmatik realizm” xəttini nümayiş etdirməklə yanaşı, Azərbaycanın tam müstəqil iqtisadi-siyasi modelini real rəqəmlərlə diqqətə çatdırdı.

Çıxışda ən diqqətçəkən məqamlardan biri dünyada neft-qaz hasil edən ölkələrə qarşı irəli sürülən qərəzli yanaşmalara verilən sərt və məntiqli cavab oldu. Azərbaycanın bərpa olunan enerji layihələrinə və iqlim hədəflərinə sadiqliyini xatırladan lider, dünyada reallıq hissinin itirilməməsinin vacibliyini vurdu və bəyan etdi ki, dünya qalıq yanacaq olmadan yaşaya bilməz. Heç bir ölkə yerin altındakı sərvətinə görə günahlandırılmamalıdır. Əsas məsələ bu gəlirlərin hara xərclənməsidir ki, Azərbaycan da bu resursları insan kapitalına, sosial infrastruktura və məhz gələcəyin yaşıl enerjisinə uğurla transfer edə bilib. Bu kontekstdə ABŞ Prezidenti Donald Trampın bu sahədəki normal və praqmatik trendləri bərpa edən müdrik siyasəti, həmçinin tədbirə ünvanlanan ABŞ, Türkiyə və Böyük Britaniya liderlərinin təbrikləri Bakının qlobal enerji balansındakı unikal yerinin növbəti etirafı oldu.

Nitqdə səslənən iqtisadi göstəricilər Azərbaycanın xarici təzyiqlərdən tamamilə uzaq, dayanıqlı maliyyə sisteminə malik olduğunu bir daha sübut etdi. Dövlət başçısı rəsmi rəqəmləri açıqlayaraq bildirdi ki, ölkənin xarici borcu ÜDM-in cəmi 6%-dən bir qədər çoxdur. Eyni zamanda, Dövlət Neft Fondu və Mərkəzi Bankın birgə strateji valyuta ehtiyatları mövcud xarici borcumuzu 18 dəfədən çox üstələyir. Bu statistika Azərbaycanın xarici borclanmadan asılı olmayan, öz resursları ilə nəhəng infrastruktur layihələrini idarə edə bilən müstəqil oyunçu statusunu möhkəmləndirir.

1996-cı ilin iyununda imzalanmış “Şahdəniz” müqaviləsinin rəsmi 30 illiyinə toxunan Prezident İlham Əliyev, bu layihənin sadəcə bir kommersiya müqaviləsi olmadığını, qlobal təhlükəsizlik arxitekturasının təməl daşı olduğunu bildirdi. Bu gün Cənub Qaz Dəhlizi olmasaydı, Avropanın enerji xəritəsində yaranacaq böhranı təsəvvür etmək çətin olardı. Hazırda Azərbaycan qazını idxal edən Avropa ölkələrinin coğrafiyası sürətlə genişlənir və Bakı köhnə qitənin ən etibarlı tərəfdaşı statusunu qoruyur.

Azərbaycan artıq yalnız öz ərazisində hasilatla məşğul olan ölkə deyil, qlobal bazarlarda aktiv investor rolundadır. Prezidentin çıxışında elan etdiyi iki mühüm layihə ölkənin yeni geosiyasi çəkisini nümayiş etdirir. Birincisi, SOCAR-ın “Italiana Petroli” şirkətini alması ilə Aralıq dənizi hövzəsində Azərbaycanın neft emalı gücü 13 milyon tondan 23 milyon tona yüksəlib ki, bu da SOCAR-ın Avropa daxili bazarında birbaşa nəhəng operatora çevrilməsi deməkdir. İkincisi isə Mərkəzi Asiya tərəfdaşları ilə birgə icra edilən, Xəzərin şərq sahilindən başlayaraq Azərbaycan və Qara dəniz vasitəsilə Avropaya uzanacaq “Yaşıl enerji kabeli” layihəsidir. Bununla da Bakı təbii qazla yanaşı, yaşıl elektrik enerjisinin də əsas qovşağına çevrilir.

Bakı Enerji Həftəsində verilən mesajlar birmənalıdır: Azərbaycan rəhbərliyi süni şəkildə sürətləndirilən “yaşıl keçid” populizminə uymur, qlobal iqtisadiyyatın real tələblərini düzgün oxuyur. Neft və qazdan əldə olunan gəlirlərin maliyyə müstəqilliyinə və bərpa olunan texnologiyalara yönəldilməsi, Bakını həm ənənəvi, həm də bərpa olunan enerji erasının ortaq və əvəzedilməz liderinə çevirir.

İldırım Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button