AnalitikaGündəmSiyasət

Qarabağda yeni şəhərsalma fəlsəfəsi

Qarabağda aparılan bərpa prosesinin diqqətçəkən xüsusiyyətlərindən biri yeni şəhərsalma yanaşmalarının tətbiqidir. Müharibədən və işğaldan zərər çəkmiş ərazilərin yenidən qurulması sadəcə əvvəlki tikililərin eyni formada bərpasını tələb etmir. Əksinə, müasir yaşayış standartlarına uyğun, təhlükəsiz, rahat və dayanıqlı şəhər mühitinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Bu baxımdan Qarabağ Azərbaycanın şəhərsalma siyasətinin yeni mərhələsinin mühüm sınaq və tətbiq məkanlarından biridir.

Yeni yaşayış məhəllələrinin planlaşdırılmasında yollar, ictimai nəqliyyat, sosial obyektlər, yaşıllıq sahələri və kommunal infrastruktur bir-biri ilə əlaqəli şəkildə nəzərə alınır. Məqsəd insanların yalnız mənzilə sahib olması deyil, tam sosial mühitdə yaşamasıdır. Məktəbin yaşayış məhəlləsinə yaxın yerləşməsi, tibb xidmətlərinə çıxış, ictimai məkanların yaradılması və nəqliyyat əlaqələrinin təmin olunması şəhər həyatının keyfiyyətini müəyyən edən əsas amillərdir.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin gələcək simasının formalaşdırılmasında da bu yanaşma mühüm rol oynayacaq. Xankəndidə ictimai və nəqliyyat infrastrukturunun yaradılması, Xocalıda yeni yaşayış məhəllələrinin qurulması, digər ərazilərdə bərpa layihələrinin həyata keçirilməsi göstərir ki, məqsəd Qarabağda müasir şəhər və yaşayış modeli yaratmaqdır. Burada keçmişin izləri qorunmaqla yanaşı, gələcəyin ehtiyacları da nəzərə alınır.

Yeni şəhərsalma yalnız binaların görünüşü ilə bağlı məsələ deyil. Əsas məsələ insanların həyatını asanlaşdıran və sosial münasibətləri inkişaf etdirən mühit yaratmaqdır. Qarabağda qurulan şəhərlər gələcək nəsillərin yaşayacağı məkanlar olacaq. Bu gün çəkilən şəhərsalma xətləri əslində sabahın Qarabağının konturlarını müəyyənləşdirir.

Arifə Əliyeva,

YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button