
Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat bu əməkdaşlığın siyasi, iqtisadi və strateji istiqamətlərini aydın şəkildə əks etdirir. Sözügedən səfər iki ölkə arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan ilə Çexiya arasında siyasi dialoq yüksək səviyyədə inkişaf etməkdədir. Prezident İlham Əliyevin vurğuladığı kimi, tərəflər arasında keçirilən görüş məhsuldar olmuş, regional və qlobal məsələlər geniş müzakirə edilmişdir. Bu isə onu göstərir ki, tərəflər yalnız ikitərəfli münasibətlərlə kifayətlənmir, eyni zamanda beynəlxalq gündəmdə yer alan məsələlərdə də ortaq mövqelərin formalaşdırılmasına önəm verirlər.
İqtisadi əməkdaşlıq məsələləri bəyanatda xüsusi yer tutur. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin 800 milyon dollardan artıq olması münasibətlərin dinamik inkişafını göstərir. Bununla belə, ticarət dövriyyəsinin strukturunun əsasən enerji resurslarına əsaslanması diqqətə çatdırılır və bu sahədə şaxələndirmənin vacibliyi vurğulanır. Qeyri-neft sektorunun inkişafı, yeni investisiya layihələrinin həyata keçirilməsi və sahibkarlar arasında birbaşa əlaqələrin genişləndirilməsi gələcək əməkdaşlıq üçün əsas prioritetlər kimi müəyyən edilir.
Energetika sahəsi Azərbaycan-Çexiya əməkdaşlığının aparıcı istiqamətlərindən biridir. Azərbaycan neftinin Çexiyanın enerji balansında mühüm yer tutması ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Bununla yanaşı, Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayının artması, xüsusilə Avropa İttifaqı məkanında enerji təhlükəsizliyinə verdiyi töhfə ölkənin strateji əhəmiyyətini daha da artırır. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir.
İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var. Mən şadam ki, cənab Baş nazirlə birlikdə Azərbaycana Çexiyadan böyük qrup iş adamları gəlmişdir və bu gün keçiriləcək biznes-forumda həm yeni təmaslar qurulacaq, həm də mövcud layihələrlə bağlı fikir mübadiləsi aparılacaq. Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq.
Təbii ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq.
Bizim ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır.
Bu gün bir çox digər sahələr ətrafında fikir mübadiləsi aparıldı. Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yəni bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır.
Əlbəttə, Avropa bu gün enerji haqqında danışır, çünki neftayırma zavodlarına xammal tələb olunur, müxtəlif məhsulların istehsalı üçün təbii qaz lazımdır. Azərbaycan Çex Respublikasında ən iri neft təchizatçısıdır. İdxal edilən neftin 42 faizi Azərbaycandan daxil olur.
Biz buraya ÇES adlanan yarıdövlət şirkətimizlə gəlmişik və o, buradan qaz təchizatı ilə bağlı müqavilə imzalamaq istəyir. Siz, əsasən, hasilatı artıracaqsınız. ÇES şirkətinin baş icraçı direktoru buradadır. O, ən iri qazpaylayıcı şirkətlərdən biri olan ÇES ilə qaz təchizatı haqqında Sizinlə uzunmüddətli müqaviləni gələcəkdə imzalasa, təbii ki, çox məmnun olardı. Beləliklə, Azərbaycan neftdən əlavə, bu sahədə de-fakto bizim strateji tərəfdaşımız ola bilər.
Əlbəttə ki, enerji bizim üçün olduqca vacibdir. Həmçinin vacibdir ki, Avropa anlasın: onun bəzi direktivləri, əslində, qeyri-Avropa təchizatçılarına zərər vurur və Avropada yalnız iki qaz təchizatçısının olması bizim üçün yaxşı deyil. Bir sözlə, biz həmin təchizatda maraqlıyıq və düşünürəm ki, uzunmüddətli müqavilələri imzalamağa hazırıq.
Ən mühüm Çex şirkətləri bizimlədir və bütövlükdə nümayəndə heyətimizdə 50 şirkət təmsil olunub. Əlbəttə ki, bizim Bakı Metropoliteni ilə müqavilənin imzalanmasında çox böyük marağımız var. “ŞKODA Daşımalar” ölkəmizin, bəlkə də ən iri iqtisadi “PPF Qrupu”nun bir hissəsidir. Həmin qrup digər şirkətlərlə yanaşı, birgə müəssisə qurmaq, Azərbaycanda istehsalata başlamaq, elm və tədqiqata sərmayə yatırmaq, universitetlərinizlə əməkdaşlıq etmək və təbii ki, Sizin insanlarınızla işləməyə hazırdır. Bilirik ki, qarşımızda Çin var, lakin biz çox bacarıqlıyıq və bunlar tarixən bizim qanımızdadır. Çexoslovakiya dünyada on ən çox sənayeləşmiş ölkələrdən biri olub və mən əminəm ki, biz bir kapital ola bilərdik. “Çekoslova Qrup” burada artıq fəaliyyət göstərir və əlbəttə ki, birgə müəssisə olaraq biz öz məhsullarımızı istehsal edirik.
“Aero Vodoxodı” şirkəti köhnəlmiş “L-39” təyyarələrinə de-fakto xidmət göstərir və təmir edir. Əlbəttə, biz yeni “L-39NG” təyyarəsini Sizə təqdim edirik və onu dəyərləndirsəniz, çox şad olardıq. “Kolt” şirkəti, sözün əsl mənasında, mühüm beynəlxalq şirkətdir və o, bütün dünyaya əla məhsullarını təchiz edir və şadıq ki, sizin polis və digər qüvvələr həmin məhsulları artıq tanıyır.
Bir sözlə, bu haqda biz bu gün biznes-forumda danışacağıq. Əlbəttə, başqa variantlarımız da var. Siz burada yükdaşımalarında fəal olan şirkətinizi qeyd etdiniz və biz onda təbii ki, maraqlıyıq. Bir faktı da qeyd etdik. Karlovı Varıda yeni layihə haqqında danışdıq və istərdik ki, hava limanı və onun uçuş zolağı genişlənsin. Beləliklə, bu, Çex Respublikasının sərmayə yatıracağımız yeni strateji əhəmiyyətə malik hava limanı ola bilərdi. Nəticədə ölkələrimiz arasında turizmə və inkişafa töhfə ola bilərdi.



