Son 19 ildə ölkədə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük dövlət investisiyaları qoyulub. Xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində avtomobil və dəmir yollarının beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin inkişafı nəqliyyat dəhlizləri, həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında mühüm rol oynayıb, eləcə də ölkənin tranzit potensialını daha da gücləndirib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və əlverişli geostrateji mövqeyə malik Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı son illərdə görülən işlər xüsusi diqqətə layiqdir. Xüsusilə, Şərq-Qərb nəqliyyat dəhlizi Çin və Avropa arasında ən qısa marşrutdur, tranzit və yüklərin daşınması baxımından səmərəlidir. Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü sayəsində əhəmiyyətinə görə “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, yükləri quru yolla birbaşa Avropaya çatmasına imkan yaradıb. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi ilə konteyner daşımalarının əhəmiyyətli dərəcədə artmasına nail olunub.
Eyni zamanda Azərbaycan alternativ dəhlizlərdən üstünlüyə malik olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində də ciddi işlər görüb. Bu layihənin nəticəsi olaraq Fars körfəzindən Rusiyaya, eləcə də Şərqi və Şimali Avropa ölkələrinə yüklərin daşınması daha səmərəli olmuşdur, Şimal-Cənub dəhlizinin Azərbaycan ərazisindən keçən infrastrukturu daha da inkişaf etdirilməkdədir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi yük və sərnişin daşımalarının əhəmiyyətli dərəcədə artmasına imkan verən böyük siyasi və iqtisadi əhəmiyyətə malikdir. Ölkəmizin tranzit sahəsində potensialının reallaşdırılması baxımından Çinin “Bir kəmər, bir yol” layihəsi ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu strategiyanı dəstəkləyən ilk ölkələrdən biridir. İpək Yolu İqtisadi Kəmərinin birgə təşkil olunmasına dair Anlaşma Memorandumu ölkə başçısının 2015-ci ildə Çinə rəsmi səfəri zamanı imzalanıb.Hazırda dünya ölkələri həmin marşrutun əldə edilməsi üçün çox ciddi siyasi və iqtisadi mübarizəyə başlayıb. Çünki bu yolun keçdiyi ölkələr külli miqdarda gəlir əldə edəcəklər, bu isə onların inkişafına təkan verəcək
Prezident İlham Əliyevin uzaqgörən siyasət yürütməsi nəticəsində vaxtında lazımi tədbirlər görülüb. Belə ki, bizim Xəzər dənizində yükdaşıyan gəmilərdən ibarət nəhəng donanmamız mövcuddur. Donanmanın tərkibində Xəzərin şərq sahilindən sol sahilinə yük daşımaq üçün bərə gəmilərimiz kifayət qədərdir. Bundan başqa Ələt Beynəlxalq Ticarət Limanında nəhəng gəmilərin yan alaraq yükünü doldurulub-boşaldılması üçün hər cür şərait yaradılıb, bu yüklərin Avropaya daşınması üçün Bakı-Tbilisi-Qars dəmir yolu çəkilib.Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi yeni reallıqlar yaratmışdır. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə keçirməklə yükləri tez bir zamanda Avropa və Yaxın Şərq ölkələrinə çatdırmaq imkanı yaranacaq. Bir sözlə, Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək.
Azərbaycanın üstünlüyü ondadır ki, ölkəmizin əlverişli coğrafi mövqeyi dövlətin güclü siyasi iradəsi, tariflərin optimallaşdırılması, həmçinin daşımaların rahat,təhlükəsiz həyata keçirilməsinə imkanlar yaradan müasir infrastrukturun qurulması kimi mühüm amillərlə tamamlanır. Son 19 ildə ölkəmizin Avropa ilə Asiya arasında mühüm tranzit məkana çevrilməsini təmin etmək məqsədilə bir sıra önəmli layihələr reallaşdırılıb. 2003-cü ildən bu günə qədər Azərbaycanda təxminən 15 min kilometr avtomobil yolu tikilib, 443 körpü istifadəyə verilib.
Ölkəmiz Xəzər dənizində ən güclü dəniz donanmasına malikdir. 260+300 gəmidən ibarət donanma Xəzərdə yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır. Ölkə ərazisində altı beynəlxalq hava limanı fəaliyyət göstərir. Azərbaycan yerləşdiyi coğrafiyanın nəqliyyat-tranzit imkanlarının genişləndirilməsinə yönələn bütün təşəbbüsləri dəstəkləyir, eləcə də bu məqsədlə reallaşdırılan layihələrdə yaxından iştirak edir.
Əsgərova Fatma,
Xəzər rayonu, 122 nömrəli ümumi orta məktəbin müəllimi