
Dünyada söz sahibi olan və inkişafının bütün sahələri üzrə modelini ortaya qoyan Azərbaycanın siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nailiyyətlərin qazanmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının uzaqgörən xarici və daxili siyasəti dayanır. İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması, eləcə də Azərbaycanda keçirilən dünya və Avropa çempionatları, idmançılarırımızın beynəlxalq arenada keçirilən yarışlarda qələbəsi sübut edir ki, həqiqətən də, Azərbaycanda idman sürətlə inkişaf edir. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində idmançılarımız böyük uğurlara imza atırlar. Dövlət başçısının idmana diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması gənc nəslin bu sahəyə sürətli axınına, kütləviləşməsinə geniş imkanlar açıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub. Son illərdə idmançılarımızın bir çox olimpiya oyunlarında yüksək nəticələr əldə etməsi məhz diqqətin və qayğının təcəssümüdür. Olimpiya oyunlarına nəzər salsaq görərik ki, Azərbaycan bu yarışlarda böyük uğurlar qazanıb. 1996-cı ildə Atlanta Olimpiya Oyunlarında 23 idmançı ilə təmsil olunan Azərbaycan komandası 197 ölkə arasında 61-ci yeri tutub. Sidneydə XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan müstəqil dövlət kimi ikinci dəfə olimpiadada iştirak edərək iki qızıl və bir bürünc medalla iştirakçı ölkələr arasında 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri qazanıb. Afinada XXVIII Yay Olimpiya Oyunlarında Azərbaycan milli komandası bu möhtəşəm yarışdan vətənə 1 qızıl, 4 bürünc medalla qayıdıb. Azərbaycana 56 medal qazandıran Birinci Avropa Oyunlarında atletlərimiz 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq 2-ci yeri tutdular. IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımız möhtəşəm uğura imza atıb, “Bakı-2017″nin ən güclüləri oldular. Azərbaycanın “Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştirakı və uğur qazanmaları Azərbaycanın idman tarixində önəmli yer tutur. İdmanın 22 növü üzrə 529 dəst medal uğrunda keçirilən yarışlarda Azərbaycan millisinin 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 19 medal qazanması böyük nailiyyət oldu və bu Azərbaycanın paralimpiya tarixində bu, ən uğurlu Paralimpiya Oyunları kimi tarixdə yer aldı.
Azərbaycan idmançılarının böyük qələbəsi, tarixi nailiyyətlər hər bir azərbaycanlını sevindirir. Azərbaycan idmançıları bu günlərdə daha bir qələbə sevinci ilə vətənə döndülər. “Paris-2024” Yay Olimpiya Oyunlarında idmançılarımız növbəti uğurlara imza ataraq 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunub, 7 medal qazanıblar. Azərbaycan Paris Yay Olimpiya Oyunlarını 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurdu. İdmançılarımız beş idman növündə cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə medallar qazanmışlar. Bu Azərbaycanda idmanın bir çox növlərinin inkişaf etməsinin göstəricisidir. Qazanılan qələbənin nəticəsi olaraq yarışlarda Azərbaycan bayrağı yüksəkliklərə qaldırıldı və dövlət himnimiz səsləndirildi. XXXIII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə, Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri dövlət başçısının sərəncamları ilə fəxri adlarla təltif olunub, mükafatlandırıldılar. Bu, dövlət başçısının idmançılarımıza olan diqqət və qayğısının nümunəsidir. Yarışlara qalib ölkənin nümayəndələri kimi qatılan Azərbaycan idmançıları böyük uğurlara imza atırlar. Azərbaycan Prezidenti İlham Əliyev Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən bildirdiyi kimi, “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir.” İdmançılarımızı gözəl qələbələr münasibətilə təbrik edən dövlətimizin başçısı qeyd edib ki, onlar Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edərək, Azərbaycan Bayrağını ucaldıb və bütün xalqımızı sevindiriblər.
Təsadüfi deyil ki, Oyunlarda müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. “Daha çox medal qazana bilərdik, bəli, qazana bilərdik. Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir”, – deyə Prezident bildirib.
Qazanılan uğurlar bir daha göstərir ki, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini dövlətimiz daim diqqət mərkəzində saxlayır. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağına əsas verir.
Azərbaycan idmanı çiçəklənmə dövrünü yaşayır. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması və olimpiya idman komplekslərinin inşa edilərək xalqımızın ixtiyarına verilməsi bunun təzahürüdür. “Nəzərə alsaq ki, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq” – deyən Prezident onu da diqqətə çatdırıb ki, idmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik. Əlbəttə ki, xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Bütün qazanılan uğurlar Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür.
Güləddin Dadaşov,
YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini