
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Rüstəm Rüstəmov küçəsi, 28” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Nizami Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Firdovsi Cəbrayılov və digər şəxslər çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin, şəhər təsərrüfatının müasirləşdirilməsinin və əhalinin rifahının yüksəldilməsinə yönəlmiş tədbirlərin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, mənzil-kommunal təsərrüfatı sahəsində xidmətlərin keyfiyyətinin artırılması, yaşayış məntəqələrinin sanitar vəziyyətinin qorunması, abadlıq və təmizlik işlərinin davamlılığının təmin edilməsi mühüm vəzifələrdəndir.
Qeyd olunub ki, YAP-ın VIII Qurultayında müəyyənləşdirilmiş hədəflər dövlət siyasətinin prioritetlərinin həyata keçirilməsində partiya üzvlərinin üzərinə mühüm məsuliyyət qoyur. Bu baxımdan, mənzil-kommunal təsərrüfatı sahəsində çalışan əməkdaşların öz fəaliyyətlərini müasir tələblərə uyğun qurması, vətəndaş məmnunluğunun artırılması, şəhər mühitinin daha da yaxşılaşdırılması və dövlətçilik prinsiplərinə sədaqətlə xidmət göstərilməsi xüsusi əhəmiyyət daşıyır.




