Nəsimi rayonunda iyul ayında səyyar qəbullar keçirilmişdir
Vətəndaşların müraciətlərinə diqqət və qayğı, həssaslıqla yanaşılması barədə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıqlarının icrası istiqamətində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər davam etdirilir, vətəndaşların qaldırdıqları məsələlərin həlli daim diqqət mərkəzində saxlanılır.
Aktualinfo.az xəbər verir ki, rayon ərazisində ünvanlarda YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və RİH başçısı Asif Əsgərov tərəfindən 2024-cü ilin iyul ayında səyyar qəbullar və yerlərdə görüşlər keçirilmişdir. Keçirilən səyyar qəbul və görüşlərdə 700-dən çox sakinin iştirakı ilə 60-dan çox müraciət dinlənilmişdir.
Vətəndaşların müraciətləri əsasən, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin və köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, binaların, pilləkən qəfəsələrinin, piyada səkilərinin təmir olunması, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya və su xətlərinin təmiri, qaz borusunun yerinin dəyişdirilməsi, həyətdə idman qurğularının təmiri, küçə və həyətlərin işıqlandırılması, ağacların budanması və ya götürülməsi, həyətdə avtomobillər üçün dayanacaq sahəsinin təşkili və s. məsələlərlə bağlı olmuşdur.
Qəbul və görüşlər zamanı Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilmiş, rayon ərazisində görülən işlər, “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilmişdir.
Qaldırılan məslələrin həlli ilə bağlı görüləcək işlər barədə vətəndaşlara geniş izah verilərək aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülmüşdür.