
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına 17-ci səfəri bölgənin hərtərəfli inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Bu səfər çərçivəsində iştirak edilən tədbirlər və qəbul edilən tarixi qərarlar bir daha sübut etdi ki, Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı dövlətin əsas prioritetlərindən biridir. Xüsusilə bölgənin müdafiə potensialının gücləndirilməsi, ən müasir texnika ilə təchizat və yeni komando qüvvələrinin yaradılması bölgədə təhlükəsizliyin tam təmin edilməsi baxımından həlledici addımdır. Səfərin ən mühüm iqtisadi hadisələrindən biri Naxçıvan Sənaye Parkının təməlinin qoyulmasıdır. Yeni sənaye müəssisələrinin yaradılması minlərlə yeni iş yerinin açılmasına xidmət edəcək. Bununla paralel olaraq enerji infrastrukturunun yenilənməsi müstəsna əhəmiyyət daşıyır. Hazırda Naxçıvanın generasiya gücü təqribən 200 meqavat təşkil etdiyi halda, təməli qoyulan 300 meqavat gücündəki yeni istilik elektrik stansiyası bu potensialı əhəmiyyətli dərəcədə artıracaq. Həmçinin, bölgənin yaşıl enerji zonası elan olunması və 50 meqavat gücündə iki Günəş elektrik stansiyasının inşası Naxçıvanı enerji cəhətdən həm müstəqil, həm də əsas ixracatçı mərkəzə çevirəcək. “Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, qlobal logistika şəbəkəsi üçün əvəzolunmaz əhəmiyyətə malikdir.” Tarixi Zəngəzur dəhlizinin açılması isə Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Bu dəhliz Naxçıvan dəmir yolunun reabilitasiyası və yükaşırma qabiliyyətinin 15 milyon tona çatdırılması hədəfi ilə bölgəni Şərq-Qərb və ŞimalCənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsinə çevirir. Avropa, Türkiyə və Mərkəzi Asiya coğrafiyasını birləşdirəcək bu xətt regional sabitliyə və tərəqqiyə xidmət edəcəkdir. Eyni zamanda, Naxçıvanda DOST Mərkəzinin açılışı, ictimai nəqliyyatın müasirləşdirilməsi və turizm infrastrukturunun inkişafı, bu qədim diyarın hərtərəfli dirçəlişini təsdiq edir.
Azər Süleymanov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri



