
Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana sayca 17-ci səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə muxtar respublikanın gələcək inkişafının əsas istiqamətlərini, Azərbaycanın regional strategiyasını və Naxçıvanın ölkənin iqtisadi, enerji və nəqliyyat xəritəsində artan rolunu geniş şəkildə ortaya qoydu.
Prezidentin səsləndirdiyi fikirlər göstərdi ki, qarşıdakı mərhələdə muxtar respublikanın inkişafı ayrı-ayrı layihələrin icrası ilə məhdudlaşmayacaq, təhlükəsizlik, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, sosial infrastruktur və müasir idarəetməni əhatə edən vahid strateji konsepsiya əsasında davam etdiriləcək.
Əsrarəngiz təbiəti, qədim dövlətçilik ənənələri və zəngin tarixi ilə seçilən Azərbaycan torpağı Naxçıvana Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın səfəri muxtar respublika sakinləri üçün ilin ən əlamətdar hadisələrindən biri oldu. Uzun illərdir blokada şəraitində yaşayan Naxçıvan Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və müəyyən etdiyi inkişaf strategiyası əsasında sistemli tərəqqi yolu keçərək yeni yüksəliş mərhələsinə qədəm qoyub. Ağır sosial-iqtisadi çətinliklərin yaşandığı həmin dövrdə Naxçıvanın inkişafının əsasını qoyan Heydər Əliyev siyasi xətti sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi. Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Muxtar respublikada genişmiqyaslı quruculuq işlərinin aparılması, infrastrukturun yenilənməsi, yeni müəssisələrin yaradılması və sosial layihələrin həyata keçirilməsi bu diqqətin konkret nəticələridir. Prezident İlham Əliyevin səfəri muxtar respublikanın sosial-iqtisadi inkişafı, yeni layihələrin reallaşdırılması və qarşıdakı hədəflərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı
Prezident İlham Əliyev müsahibəsində Naxçıvanın inkişafı ilə bağlı həyata keçirilən layihələrə və qarşıdakı hədəflərə toxunaraq muxtar respublikanın təhlükəsizliyi, iqtisadi gücünün artırılması, enerji təminatı, sənaye potensialının genişləndirilməsi və tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərdən danışdı. Prezident Naxçıvanın gələcək inkişafının Azərbaycanın dövlət siyasətinin ardıcıl və uzunmüddətli xətti üzrə davam etdiriləcəyini bildirməklə bir daha göstərdi ki, illər əvvəl müəyyənləşdirilən inkişaf strategiyası bu gün real nəticələr və yeni layihələrlə davam etdirilir.
Zəngəzur dəhlizinin yaradacağı imkanlardan danışan Prezident İlham Əliyev bu layihənin reallaşmasının Naxçıvanın nəqliyyat imkanlarını genişləndirəcəyini vurğuladı. Dövlət başçısı qeyd etdi ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşma ilə layihənin icrasına start verilib. Azərbaycan ərazisində Horadiz–Ağbənd avtomobil və dəmir yolu layihələrinin, Naxçıvan istiqamətində isə dəmir yolunun bərpası üzrə işlərin aparılması Zəngəzur dəhlizinin formalaşması üçün real infrastruktur bazası yaradır.
Bu mənada Naxçıvan artıq yalnız Azərbaycanın ayrılmaz ərazi hissəsi kimi deyil, ölkənin regional bağlantılarında, enerji təhlükəsizliyində, nəqliyyat strategiyasında və Avrasiya iqtisadi əlaqələrində mühüm rol oynayacaq strateji mərkəz kimi nəzərdən keçirilir. Dövlət başçısının vurğuladığı kimi, qarşıdakı dövrdə əsas məsələ qəbul edilmiş qərarların vaxtında və səmərəli icrasıdır. Azərbaycanın maliyyə imkanları, siyasi iradəsi və həyata keçirilən layihələrin miqyası isə Naxçıvanın yeni inkişaf mərhələsinin daha geniş və sistemli olacağını göstərir.
Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



