Müstəqillik tarixində mühüm hadisə

Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti-ərazi bütövlüyümüzün bərpası nəhayət ki, həyata keçdi. Xalqla iqtidarın bir yumruq kimi birləşməsi nəticəsində cəmi 44 gün ərzində tarixi ədalət bərpa olundu və düşmən torpaqlarımızdan qovuldu.
44 günlük Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi tarixi qələbə 30 illik vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək suveren ərazi bütövlüyü bərpa edildi. Qələbə qazanmağımızın başlıca səbəbləri güclü ordumuzun və Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin güclü siyasətinin nəticəsidir. Məhz onun siyasəti nəticəsində Azərbaycan regionda ən güclü dövlətə çevrildi. Bu səbəbdən Azərbaycan bu gün dünyanın qlobal forumlarına ev sahibliyi edir. Azərbaycanın regionda söz sahibi olması iqtisadi gücünün artması nəticəsindədir. Həmçinin iqtisadi sahədə həyata keçirilən islahatları biz ölkənin iqtisadi qüdrətinin yüksəlişində, 44 günlük müharibə dövründə qazandığımız qələbədə, ordu quruculçuğunun möhkəmlənməsində, eləcə də Azərbaycan xalqnın birliyində bir daha gördük.
Böyük Tarixi Qələbə Azərbaycan dövlətinin hərbi gücünün təzahürüdür. İkinci Qarabağ Müharibəsi ordumuzun gücünün, dövlətimizin müasirliyinin göstəricisidir. Azğın düşməni torpaqlarımızdan qovmağa, həmçinin yüksək peşəkarlıq, güc, məharət, müasir hərbi elm sayəsində nail ola bildik. Prezident hər zaman öz nitqində vurğulayır: “Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub, öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir. Biz bu tarixi missiyanı yerinə yetirdik. Əldə olunmuş Tarixi Qələbə sayəsində Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda, ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq”.
Bildiyimiz kimi fevral ayının 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildi. Bu tarixi qələbəyə öz möhürünü vurdu. Növbədənkənar seçkilərin keçirilməsinin iki səbəbi vardı. Bununla bağlı cənab İlham Əliyev ictimaiyyətə bildirmişdi ki, “Birinci səbəb təbii ki, suverenliyimizin bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır. İkinci səbəb ondan ibarətdir ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək.
Xalq öz prezidentini seçdi. Müstəqilliyimiz, zəfərimiz, milli qürurumuz bir daha qalib gəldi. Xalq: “Biz onunla BİRLİKDƏ GÜCLÜYÜK!” dedi. O, xalqın arxasında dayandığı kimi, xalq da ona arxalanır, ona inanır, ona güvənir, ona etibar edir, etimad göstərir!
Hacızadə Günay,
Xəzər rayonu, 234 nömrəli tam orta məktəbin müəllimi



