AnalitikaDünyaGündəmSiyasət

Türk-İslam Həmrəyliyinin Mayakı: Prezident İlham Əliyevin Sülh Siyasəti

Müasir dünyada qlobal əməkdaşlığın, sülhün və mədəniyyətlərarası inteqrasiyanın əsas mərkəzlərindən biri kimi tanınan Azərbaycan, regionda sabitliyin qarantı olmaqla yanaşı, həm də mənəvi dəyərlərin qorunmasına liderlik edir. Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələrindən ibarət mötəbər heyəti qəbul etməsi bu missiyanın təntənəsi oldu. TDT Baş katibinin və qardaş ölkələrin ali dini rəhbərlərinin iştirak etdiyi bu görüşdə dövlət başçısı bildirdi ki, Bakıda eyni vaxtda reallaşan bu cür möhtəşəm tədbirlər xalqlarımızı bir-birinə bağlayan qardaşlıq tellərini daha da möhkəmləndirir və dünyaya sülh manifesti ötürür.

Çıxışında xalqımızın bəşər mədəniyyətinə bəxş etdiyi zəngin fəlsəfi və ədəbi irsdən bəhs edən Prezident İlham Əliyev, XV əsr dahi mütəfəkkiri Seyid Yəhya Bakuvinin irsinə xüsusi yer ayırdı. O qeyd etdi ki, Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi nəhəng şəxsiyyətlərin yaratdığı abidələr təkcə Azərbaycanın deyil, bütün İslam aləminin ortaq qürur mənbəyidir. Prezident İlham Əliyev qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələ və Atabəylər dövlətinin mərkəzi Naxçıvan şəhərlərinin tarixini xatırladaraq, TDT daxilində yeganə Qafqaz ölkəsi olan Azərbaycanın bu qədim mədəniyyət ocaqlarını özündə birləşdirdiyini və Türk dünyası ilə Qafqazı mənəvi müstəvidə qovuşdurduğunu diqqətə çatdırdı.

İslam coğrafiyasında baş verən proseslərə toxunan Prezident İlham Əliyev müsəlman aləmində həmrəyliyin praktiki addımlarla möhkəmləndirilməsinin vacibliyini vurğuladı. Azərbaycanın hər zaman barışdırıcı və birləşdirici mövqe tutduğunu xatırladaraq dövlət başçısı, IV İslam Həmrəylik Oyunlarının və ölkəmizdə baş tutacaq İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün bu siyasətin bariz nümunələri olduğunu bildirdi. O qətiyyətlə bəyan etdi ki, İslam dünyasını parçalamağa çalışan və dinimizə xələl gətirmək istəyən qüvvələrin qarşısı yalnız müsəlmanların vahid bir ailə kimi sıx birləşməsi və qarşıdurmalara son qoyması ilə alına bilər.

Prezident İlham Əliyev qonaqların Qarabağa – Ağdam, Xankəndi, Xocalı və Şuşaya edəcəyi səfərin əhəmiyyətini önə çəkərək, Ermənistanın 30 illik işğalı dövründə 65 məscidi dağıtmasını və inanc yerlərimizi murdarlamasını İslam dünyasına qarşı törədilmiş misilsiz vəhşilik kimi qiymətləndirdi. Lakin o, Azərbaycan xalqının rəşadətli Ordusunun gücü ilə tarixi ədaləti bərpa etdiyini, işğalçılara və separatçılara layiqli cəzasını verdiyini qürurla qeyd etdi. Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində azad olunmuş torpaqlarda insanların məskunlaşdığını vurğulayan dövlət başçısı, Azərbaycanın qüdrətli dövlət və qalib xalq kimi əbədi olaraq inkişaf edəcəyini bütün dünyaya bəyan etdi.

Tariyel Əkbərov,
YAP Nizami rayon təşkilatının “M.Şərifli küçəsi, 3” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button