
25 noyabr – Kəlbəcər Şəhəri Günü xalqımızın yaddaşında xüsusi yer tutan, tarixi ədalətin bərpasını, milli iradənin gücünü və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını təcəssüm etdirən əlamətdar tarixdir. Bu gün Kəlbəcərin azadlığı uğrunda mübarizə aparmış qəhrəmanlarımızın xatirəsinə ehtiramın, doğma torpaqlarına qovuşan insanların sevincinin və dövlətimizin qüdrətinin ifadəsidir. Kəlbəcər Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini və əsrarəngiz təbiətini özündə yaşadan diyarlarımızdan biridir.
1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər uzun illər ərzində ağır sınaqlarla üzləşdi. Doğma yurdlarından didərgin düşən kəlbəcərlilər illərlə öz torpaqlarına qayıtmaq arzusu ilə yaşadılar. Lakin xalqımız bu ağrılı tarixi heç zaman unutmadı, dövlətimiz isə torpaqlarımızın azad edilməsi istiqamətində məqsədyönlü və ardıcıl siyasət həyata keçirdi. Nəhayət, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri işğaldan azad edildi və tarixi ədalət bərpa olundu.
Kəlbəcərin azad olunması Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, uzaqgörən strategiyasının və Azərbaycan Ordusunun gücünün parlaq nəticəsi idi. Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra imzalanmış üçtərəfli Bəyanata əsasən, 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana qaytarıldı. Bu hadisə ölkəmizin diplomatik uğurunun və hərbi-siyasi üstünlüyünün mühüm göstəricilərindən biri kimi tarixə düşdü.
Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yeni yolların çəkilməsi, tunellərin inşası, elektrik və digər infrastruktur layihələrinin reallaşdırılması, yaşayış məntəqələrinin yenidən qurulması dövlətimizin işğaldan azad edilmiş ərazilərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Kəlbəcərin zəngin təbii sərvətləri, mineral suları, dağlıq əraziləri və turizm imkanları gələcəkdə bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək.
Kəlbəcərin dirçəldilməsi yalnız infrastrukturun bərpası deyil, həm də tarixi yaddaşın, milli-mənəvi dəyərlərin və doğma yurda bağlılığın yenidən canlandırılması deməkdir. Uzun illər həsrətində olduqları torpaqlara qayıdan sakinlər üçün yeni həyat şəraitinin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Böyük Qayıdış proqramı çərçivəsində görülən işlər Azərbaycanın öz torpaqlarında dayanıqlı həyat qurmaq əzmini nümayiş etdirir.
25 noyabr Kəlbəcər Şəhəri Günü hər bir azərbaycanlı üçün qürur və iftixar günüdür. Bu əlamətdar tarix bizə bir daha göstərir ki, milli birlik, güclü dövlətçilik və qətiyyətli liderlik ən mürəkkəb tarixi vəzifələrin həllinə imkan yaradır. Kəlbəcər bu gün azad, abad və inkişaf edən Azərbaycan torpağı kimi gələcəyə doğru inamla addımlayır. Bu torpağın hər qarışı xalqımızın qəhrəmanlığının, mübarizəsinin və Zəfərinin canlı salnaməsidir.
Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini



