AnalitikaGündəmSiyasət

Suveren dövlət

Azərbaycanın dövlətçilik tarixində elə günlər var ki, onların siyasi və tarixi əhəmiyyəti zaman keçdikcə daha da aydın görünür. 20 sentyabr 2023-cü il də məhz belə əlamətdar tarixlərdən biridir. Həmin gün Azərbaycan Respublikasının dövlət suverenliyi tam şəkildə bərpa edildi. Bu tarixi hadisə xalqımızın uzun illər davam edən mübarizəsinin, dövlətimizin apardığı məqsədyönlü və qətiyyətli siyasətin məntiqi nəticəsi olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün və konstitusiya quruluşunun tam bərpasını təmin etdi.

Müstəqilliyinin ilk illərində Azərbaycan ciddi siyasi, iqtisadi və hərbi sınaqlarla üzləşmişdi. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində torpaqlarımızın bir hissəsi işğal edilmiş, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salınmışdı.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ordunun formalaşdırılması, ölkədə ictimai-siyasi sabitliyin təmin olunması və iqtisadi inkişaf üçün möhkəm təməl yaradıldı. Bu siyasət sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirildi. Azərbaycanın iqtisadi qüdrətinin artırılması, müasir və peşəkar ordunun yaradılması, milli maraqlara əsaslanan xarici siyasətin həyata keçirilməsi ölkəmizin qarşıya qoyduğu strateji məqsədlərə çatması üçün mühüm imkanlar yaratdı.
2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın bütün ərazisində suverenliyinin tam bərpası ilə nəticələndi.
19-20 sentyabr 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın Qarabağ bölgəsində separatçı rejimin mövcudluğuna son qoyuldu. Azərbaycan Respublikasının Konstitusiyasının və dövlət qanunlarının ölkənin bütün ərazisində hüquqi qüvvəsi təmin edildi. Beləliklə, müstəqil Azərbaycanın dövlət suverenliyi tam və qəti şəkildə bərpa olundu.
Bu hadisə yalnız hərbi uğur deyil, həm də Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Çünki dövlət suverenliyi dövlətin öz ərazisində ali hakimiyyətə malik olması, daxili və xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirməsi deməkdir. Azərbaycan 20 sentyabr 2023-cü ildə bu fundamental prinsipin ölkənin bütün ərazisində tam təmin olunmasına nail oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabrın Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi bu tarixi hadisəyə verilən yüksək siyasi və mənəvi qiymətin ifadəsidir. Dövlət Suverenliyi Gününün təsis edilməsi xalqımızın tarixində mühüm dönüş nöqtəsinin yaddaşlarda əbədiləşdirilməsinə xidmət edir.
Dövlət Suverenliyi Günü, ilk növbədə, Azərbaycan xalqının müstəqilliyinə, dövlətçiliyinə və ərazi bütövlüyünə bağlılığının rəmzidir. Bu gün həm də şəhidlərimizin əziz xatirəsinə ehtiram ifadəsidir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının fədakarlığı sayəsində bu gün ölkəmiz öz ərazi bütövlüyünü tam təmin etmiş dövlət kimi gələcəyə inamla addımlayır.
20 sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis olunması gənc nəslin dövlətçilik ənənələri ruhunda tərbiyəsində də mühüm əhəmiyyət daşıyır. Bu əlamətdar gün gənclərə Azərbaycanın müstəqilliyinin və suverenliyinin necə böyük tarixi mübarizə nəticəsində əldə edildiyini xatırladır, onlarda Vətənə, dövlətə və milli dəyərlərə bağlılıq hissini daha da gücləndirir.
Azərbaycanın dövlət suverenliyinin tam bərpası ölkəmizin beynəlxalq mövqeyini də möhkəmləndirdi. Bu gün Azərbaycan öz milli maraqlarını müstəqil şəkildə təmin edən, regionda və beynəlxalq münasibətlər sistemində söz sahibi olan dövlət kimi çıxış edir. Ölkəmizin həyata keçirdiyi genişmiqyaslı quruculuq və bərpa layihələri isə suverenliyin yalnız siyasi və hüquqi deyil, sosial-iqtisadi baxımdan da real nəticələrini nümayiş etdirir.
Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, şəhər və kəndlər yenidən qurulur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi Azərbaycanın öz ərazisində tam suveren hüquqlarını həyata keçirməsinin mühüm göstəricilərindəndir.
20 sentyabr Azərbaycan xalqının yaddaşında dövlət suverenliyinin tam bərpa olunduğu tarixi gün kimi əbədi yaşayacaq. Bu tarix həm qalib xalqın qürur mənbəyi, həm şəhidlərimizin ruhuna ehtiram, həm də gələcək nəsillərə ötürülən mühüm dövlətçilik dərsidir. Dövlət Suverenliyi Gününün təsis edilməsi isə Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə verilən yüksək dəyərin ifadəsidir.
Bu əlamətdar tarix bir daha göstərir ki, güclü dövlət, milli birlik, xalq-iqtidar həmrəyliyi və qətiyyətli siyasi iradə qarşıya qoyulan ən mühüm milli məqsədlərin reallaşdırılmasının başlıca şərtləridir. Azərbaycanın dövlət suverenliyinin tam bərpası xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən mühüm səhifələrindən biri olmaqla, müstəqil Azərbaycanın gələcək inkişafı üçün də möhkəm zəmin yaradıb.

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button