
Prezident İlham Əliyev öz siyasətində hər zaman iqtisadi inkişafla bərabər milli və mənəvi dəyərlərin qorunmasını əsas hədəf kimi müəyyən etmişdir. Dövlət başçısı Naxçıvana səfəri zamanı bir daha qeyd etmişdir ki, bütün sosial-iqtisadi tərəqqinin və enerji təhlükəsizliyinin təməlində bizim milli kimliyimiz, dilimiz, ədəbiyyatımız və tariximiz dayanır. Zəngin tarixə və mədəniyyətə, eləcə də unikal memarlıq məktəbinə malik olan Naxçıvan Azərbaycan xalqının iftixar mənbəyidir. Bu torpaq xalqımıza Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət və bir çox görkəmli elm, mədəniyyət xadimləri bəxş etmişdir.
Tarixi irsin, xüsusilə qədim Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvandakı dünya əhəmiyyətli abidələrin bərpası dövlətin bilavasitə qayğısı altındadır. Prezident İlham Əliyevə tarixi səfəri çərçivəsində Möminə xatun məqbərəsinin bərpası və qorunması ilə bağlı görülən işlər barədə xüsusi məlumat təqdim edilmişdir. Dövlət başçısının diqqəti sayəsində məşhur memar Əcəmi Naxçıvaninin şərəfinə abidə ucaldılması, onun ölməz əsəri olan məqbərənin gələcək nəsillərə çatdırılması istiqamətində dövlətin atdığı ali bir addımdır. Gələcəkdə digər tarixi obyektlərin də konservasiyası dövlət proqramlarında mütləq şəkildə nəzərdə tutulur.
Bu zəngin tarixi irs və gözəl təbiət Naxçıvanın qlobal turizm mərkəzinə çevrilməsi üçün böyük zəmin yaradır. Prezident İlham Əliyev obyektiv təhlilə əsaslanaraq qeyd etmişdir ki, mövcud mehmanxanaların azlığı və lazımi səviyyədə olmaması muxtar respublikanın turizm potensialının inkişafını əngəlləyən əsas səbəbdir. Turizmi təşviq etmək və gələn qonaqların rahatlığını ən yüksək standartlarla təmin etmək məqsədilə dövlət başçısının iştirakı ilə Naxçıvan şəhərinin mərkəzində yeni beşulduzlu mehmanxananın təməli qoyulmuşdur.
Təqribən 2028-ci ildə tam istifadəyə veriləcək bu nəhəng mehmanxana kompleksi bölgənin iqtisadi mənzərəsinə birbaşa müsbət təsir göstərəcək və xidmət sektorunu inkişaf etdirəcəkdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan xalqı xoşbəxt xalqdır, çünki biz öz tariximizlə, mədəniyyətimizlə və görkəmli şəxsiyyətlərimizlə hər zaman fəxr edə bilərik. Məhz bu milli qürur və dövlətin sarsılmaz dəstəyi Naxçıvanın həm iqtisadi, həm də mənəvi baxımdan çiçəklənməsini şərtləndirən əsas qüvvədir.
Arifə Əliyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini



