AnalitikaGündəmSiyasət

Milli qürur və tarixi ədalətin təntənəsi

8 Noyabr – Zəfər Günü Azərbaycan tarixində yalnız hərbi qələbənin qeyd olunduğu əlamətdar tarix deyil, həm də güclü dövlətçilik iradəsinin, milli birliyin və müstəqil siyasətin tarixi nəticəsini ifadə edən mühüm hadisədir. Bu gün xalqımızın uzun illər ərzində daşıdığı tarixi ədalətin bərpası arzusunun gerçəkləşdiyi, Azərbaycanın öz milli maraqlarını və ərazi bütövlüyünü təmin etmək əzmində olduğunu bütün dünyaya nümayiş etdirdiyi bir mərhələ kimi xüsusi əhəmiyyət daşıyır. Zəfər Günü, ilk növbədə, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasətinin, qətiyyətli siyasi iradənin və Azərbaycan Ordusunun qəhrəmanlığının təntənəsidir.

Azərbaycanın müstəqillik tarixində ərazi bütövlüyünün bərpası dövlət siyasətinin əsas prioritetlərindən biri olmuşdur. Prezident İlham Əliyevin 2003-cü ildən etibarən həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biri ölkənin siyasi, iqtisadi və hərbi potensialının gücləndirilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi idi. Dövlət başçısı yaxşı anlayırdı ki, torpaqlarımızın işğaldan azad olunması yalnız diplomatik səylərlə deyil, hərtərəfli hazırlıq, güclü iqtisadiyyat, müasir ordu və müstəqil qərar qəbul etmək imkanına malik dövlət quruculuğu ilə mümkündür. Məhz bu məqsədlə ölkənin iqtisadi qüdrətinin artırılması, müdafiə sənayesinin inkişafı, Silahlı Qüvvələrin müasirləşdirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsiistiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi dövlətin xarici siyasətdə manevr imkanlarını genişləndirdi, hərbi potensialının artırılması isə qarşıya qoyulmuş strateji məqsədlərin reallaşdırılması üçün zəruri zəmin yaratdı.

Prezident İlham Əliyevin dövlət rəhbəri kimi fəaliyyətinin mühüm xüsusiyyətlərindən biri siyasi məqsədlərlə real imkanlar arasında düzgün tarazlığın yaradılması, milli maraqların ardıcıl və prinsipial şəkildə müdafiə olunması idi. Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar aparsa da, beynəlxalq vasitəçilik mexanizmləri işğal probleminin aradan qaldırılmasını təmin edə bilmədi. Belə bir şəraitdə dövlət başçısı Azərbaycanın mövqeyini beynəlxalq platformalarda qətiyyətlə müdafiə edir, ölkəmizin ərazi bütövlüyünün bərpasının alternativsiz məqsəd olduğunu nümayiş etdirirdi. Onun diplomatik fəaliyyəti, beynəlxalq ictimaiyyət qarşısında apardığı prinsipial mübarizə və Azərbaycanın haqlı mövqeyinin əsaslandırılması hərbi qələbənin siyasi və hüquqi zəmininin möhkəmlənməsində mühüm rol oynadı. Beləliklə, ölkənin güclənməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və hərbi qüdrətinin artırılması vahid dövlət strategiyasının bir-birini tamamlayan istiqamətlərinə çevrildi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi həmin strategiyanın həlledici mərhələsi oldu. Müharibənin ilk günlərindən Prezident İlham Əliyev həm dövlət başçısı, həm də Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi üzərinə düşən məsuliyyəti qətiyyətlə həyata keçirdi. O, hərbi əməliyyatların ümumi strateji istiqamətini müəyyənləşdirir, ordunun qarşısında duran məqsədləri rəhbər tutaraq siyasi və hərbi proseslərin uzlaşdırılmasını təmin edirdi. Müharibə dövründə dövlət başçısının müntəzəm olaraq xalqa müraciət etməsi, ölkədə və beynəlxalq informasiya məkanında Azərbaycanın mövqeyini aydın şəkildə ifadə etməsi xüsusi əhəmiyyət daşıyırdı. Bu müraciətlər xalqın mübarizə əzmini gücləndirir, cəmiyyətdə həmrəyliyi möhkəmləndirir, eyni zamanda, dünya ictimaiyyətinə Azərbaycanın müharibənin səbəbləri və məqsədləri barədə mövqeyini çatdırırdı. Prezidentin xarici media nümayəndələrinə verdiyi müsahibələr də informasiya mübarizəsinin mühüm tərkib hissəsi idi. Beləliklə, Vətən müharibəsi yalnız döyüş meydanında deyil, diplomatik və informasiya müstəvisində də ardıcıl və məqsədyönlü fəaliyyət tələb edən mürəkkəb proses idi.

Ali Baş Komandan İlham Əliyevin hərbi rəhbər kimi rolu xüsusilə müharibənin strateji idarə olunmasında, hərbi-siyasi qərarların qəbulunda və qələbəyə yönəlmiş ümumi iradənin formalaşdırılmasında özünü göstərdi. Uzun illər ərzində aparılmış ordu quruculuğu, müasir silah və texnologiyaların əldə edilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması və müdafiə qabiliyyətinin gücləndirilməsi müharibənin gedişinə təsir edən əsas amillərdən oldu. Bununla yanaşı, hərbi əməliyyatların uğuru Azərbaycan əsgər və zabitlərinin yüksək döyüş ruhu, peşəkarlığı, cəsarəti və fədakarlığı ilə təmin edildi. Prezidentin rəhbərliyi ilə formalaşdırılmış güclü dövlət və ordu potensialı ilə hərbçilərimizin qəhrəmanlığı birləşərək tarixi qələbəni mümkün etdi. Bu baxımdan, Zəfər yalnız hərbi gücün deyil, uzunmüddətli dövlət strategiyasının, siyasi iradənin və milli səfərbərliyin nəticəsi kimi qiymətləndirilməlidir.

Zəfər Günü Azərbaycan xalqının tarixində qürur və milli iftixar mənbəyi olmaqla yanaşı, Prezident İlham Əliyevin ölkə rəhbəri və Ali Baş Komandan kimi fəaliyyətinin, siyasi uzaqgörənliyinin və qətiyyətli liderliyinin mühüm tarixi nəticəsi kimi də xüsusi yer tutur. Bu Zəfər göstərdi ki, dövlətin güclü iqtisadi və hərbi potensialı, ardıcıl xarici siyasəti, düzgün müəyyən edilmiş strateji hədəfləri və xalqın birliyi eyni məqsədə xidmət etdikdə ən mürəkkəb tarixi problemlərin həlli mümkündür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız işğala son qoymadı, həm də öz gücünü, müstəqil qərar qəbul etmək imkanını və milli maraqlarını qorumaq əzmini nümayiş etdirdi. Bununla belə, qələbənin əsas qəhrəmanları olan şəhidlərimizin fədakarlığı, qazilərimizin şücaəti və Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi misilsiz qəhrəmanlıq heç zaman unudulmamalıdır. Zəfər bu amillərin vəhdətindən doğan ümummilli nailiyyətdir. Bu gün 8 Noyabr keçmişin şanlı səhifəsi olmaqla yanaşı, güclü dövlət quruculuğunun, suverenliyin qorunmasının və Azərbaycanın gələcək inkişafının əsas istiqamətlərini müəyyən edən tarixi-siyasi rəmzdir.

Elçin Məmmədov,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button