AnalitikaGündəm

Milli-mənəvi dəyərlərimizin daşıyıcısı, xalqımızın oyanışında mühüm rol oynayan “Əkinçi”qəzeti

Həsən bəy Zərdabi deyəndə mətbuat, ədəbiyyat, poeziya və ən əsası 149 ildən sonra belə Azərbaycanlıların yaddaşında qalan “Əkinçi” qəzeti ağla gəlir. 22 iyul 1875-ci il tarixində Azərbaycan mətbuatının inkişafında mühüm rol oynayan hadisə baş verdi. O dövrdə ana dilində qəzetə ehtiyac olduğunu anlayan Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökümətə müraciət etdi və böyük səylərlə Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetini nəşr etməyə nail oldu. 56 sayı çap olunmasına baxmayaraq, Həsən bəy bu qəzetlə Azərbaycan xalqının şüuruna təsir etmək, onu avamlıq və xurafat buxovlarından azad etmək, milli mənlik şüurunu inkişaf etdirmək üçün çalışdı.

Dövrünün öndə gedən ədəbiyyatşünaslarının – Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Məhəmmədtağı Əlizadə Şirvani, Mirzə Fətəli Axundov və Seyid Əzim Şirvaninin əsərləri və məktubları qəzetdə dərc olunurdu. Belə bir tərəqqipərvər qəzet işğalçı Çar Rusiyasının təzyiqlərinə dözə bilməyərək, 1877-ci ilin sentyabrında nəşrini dayandırdı. “Əkinçi” qəzetindən sonra “Kəşkül” (1883), “Ziya” (1884) və “Kaspi” (1880-90-cı illər) qəzetləri nəşrə başladı. XX əsrin əvvəllərində C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyli kimi şəxsiyyətlər yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə apardılar. Bu mübarizənin nəticəsində “Molla Nəsrəddin” (1906), “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi qəzetlər nəşr olundu.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün Azərbaycanda yüzlərlə qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı. 1997-ci ildən Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi “RUH” “Jurnalistlərin Dostu” mükafatını təsis etdi. Məqsəd, cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək idi. Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatını alması Azərbaycan mediasının inkişafında əlamətdar hadisə oldu.

Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamları mətbuata göstərilən dövlət qayğısının davamlı olduğunu göstərdi. Prezident İlham Əliyev 2009-cu il 3 aprel tarixli sərəncamla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu yaratdı. Azərbaycan mətbuatı Prezident İlham Əliyevi üçüncü dəfə “Jurnalistlərin dostu” elan etdi. Prezident İlham Əliyev mətbuatın inkişafı üçün mühüm addımlar atıldığını qeyd edərək, demokratik cəmiyyətin qurulmasında azad mətbuatın rolunun əvəzsiz olduğunu vurğuladı.

44-günlük II Qarabağ müharibəsi zamanı Azərbaycan Prezidenti İlham Əliyev hər gün döyüş əməliyyatlarını nəzarətdə saxlayaraq, dünya mətbuatına xüsusi diqqət göstərirdi. Jurnalistlərin suallarını cavablandıraraq, Azərbaycan həqiqətlərini dünyaya çatdırdı. Müzəffər Ali Baş Komandan olaraq, 4 saat ərzində 4 dildə (Azərbaycan, Türk, İngilis və Rus) 35 media qurumunu qəbul edərək, onların 50-dən çox sualını şəffaflıqla cavablandırdı. Bu, Azərbaycan Prezidentinin dünya mətbuatında rekorda imza atdığı bir hadisə kimi yadda qaldı.

Milli mətbuatın inkişafına yönəlmiş mühüm təşəbbüslər də mətbuat tariximizin önəmli hissəsini təşkil edir. Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135, 140 və 145 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunmuşdur. Bu yubileylər milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsini və nəsillərin varisliyini qəbul etməklə mediamızın sabahkı hüdudlarına aydın baxışı təmin etdi.

Yeni dövrdə milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi zərurətə çevrilir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

30 dekabr 2021-ci ildə qəbul olunmuş “Media haqqında” Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.

Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər.

Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövlət başçısının diqqət mərkəzində olduğuna görə, KİV-lərə birdəfəlik yardımlar göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilmişdir. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir. 2022-ci ildə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişiklikliyə əsasən Media Reyestrinə daxil edilmiş ən azı 5 il jurnalist işləyən və gənc ailənin üzvü olan şəxs, həmçinin ən azı 15 il jurnalist işləyən şəxs güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 7 mart 2023-cü il tarixli Qanunla 2023-cü il yanvarın 1-dən media subyektlərinin məhz media ilə bağlı fəaliyyətdən əldə etdikləri gəlirləri, o cümlədən reklam gəlirləri, habelə media subyektlərinə MEDİA Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir (mənfəət) və sadələşdirilmiş vergilərdən 3 il müddətinə azad edilib. Həmçinin, rəqabətə davamlı milli media məhsullarının istehsalının stimullaşdırılması məqsədilə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də həmin tarixdən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Həmçinin, Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi də 2023-cü ilin 1 yanvar tarixindən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib.

Azərbaycan Prezidentlərinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümü deməkdir. Həm Ulu Öndər Heydər Əliyev və həm də Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar və mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.

Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.

Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kompaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.

Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün heç zaman qayğısını əsirgəmir. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir.

Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir: “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur.”

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.

Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu 2021-ci il fevralın 1-də Milli Məclis tərəfindən təsdiq edilmişdir. Razılaşmaya əsasən iki ölkənin mediasının əlaqəli şəkildə hərəkəti baxımından səmərəli fəaliyyət göstərməsi məqsədilə Birgə Media Platforması yaradılması çərçivəsində tərəflər arasında əməkdaşlıq aparılacaq sahələr müəyyən edilmişdir (media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması, iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması, beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi, müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması, peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi, iki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması).

149 il bundan əvvəl Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərbaycan mətbuatı, inkişaf edərək, bu gün müasir dövrün tələblərinə cavab verən, milli və beynəlxalq səviyyədə tanınan bir media sisteminə çevrilmişdir. Azərbaycanın mətbuat tarixinin zəngin irsi, ölkəmizin inkişafında və dünyaya açılmasında mühüm rol oynamışdır. Bu gün Azərbaycan mətbuatı, dövlətimizin göstərdiyi diqqət və qayğı ilə həm yerli, həm də qlobal səviyyədə öz mövqeyini möhkəmləndirməkdədir.

Mürsəl Mürsəlov,
Xəzər rayonu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru

Oxşar Xəbərlər

Back to top button