
Prezident İlham Əliyevin Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda etdiyi proqram xarakterli çıxış Azərbaycanın qlobal sülh və qarşılıqlı anlama müstəvisindəki aparıcı rolunu bir daha təsdiqlədi. Dövlət başçısının vurğuladığı kimi, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu Azərbaycan əsrlər boyu tolerantlıq, multikulturalizm və birgəyaşayış dəyərlərinin mərkəzi olub. Çıxışda dünyada artan geosiyasi gərginliklər fonunda mədəniyyətlərarası dialoqun və etimad mühitinin bərpa olunmasının qlobal təhlükəsizlik üçün nə qədər həyati önəm daşıdığı diqqətə çatdırıldı. Ölkəmizin təşəbbüsü olan “Bakı Prosesi”nin artıq sivilizasiyalararası dialoqu təşviq edən ən mötəbər beynəlxalq platformalardan birinə çevrildiyi qürurla vurğulandı. Prezident İlham Əliyev azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda bərpa olunan mədəni-tarixi irsimizə toxunaraq, Azərbaycanın hər zaman müxtəlif din və mədəniyyətlərin abidələrinə eyni ehtiramla yanaşdığını faktlarla diqqətə çatdırdı. Forum çərçivəsində səsləndirilən fikirlər ölkəmizin yalnız nəqliyyat və enerji layihələrində deyil, humanitar diplomatiya sahəsində də qlobal mərkəz olduğunu nümayiş etdirdi. Şərq və Qərb dəyərlərini harmonik şəkildə birləşdirən Bakı zəngin mədəni irsi ilə müasir dünyanın çağırışlarına cavab verən dialoq məkanı imicini daha da möhkəmləndirir. Mötəbər forumda qəbul olunan təşəbbüslər gələcək nəsillər üçün dinc, təhlükəsiz və birgəyaşayışa söykənən dünya modelinin qurulmasına mühüm töhfə verir. Dövlət başçısının uzaqgörən humanitar siyasəti Azərbaycanın beynəlxalq müstəvidə yumşaq gücünü və nüfuzunu davamlı olaraq artırır. Biz gənclər də ölkəmizin bəşəri dəyərlərə və qlobal sülhə verdiyi bu böyük töhfələri ictimaiyyətə dürüst, təbii və aydın dildə çatdırmağı özümüzə borc bilirik.
Qədirli Aysu,
YAP Yasamal rayon təşkilatının fəal gənci



