
2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək mədəniyyətlərarası münasibətlərin inkişafı, Azərbaycanın multikulturalizm ənənələri, ölkənin beynəlxalq mövqeyi və müasir dünyada qarşılıqlı anlaşmanın əhəmiyyəti barədə fikirlərini bölüşmüşdür. Forumda 100-dən çox ölkədən 2000-dən artıq iştirakçının qeydiyyatdan keçməsi onun beynəlxalq əhəmiyyətini və geniş əhatə dairəsini nümayiş etdirir. Cənab Prezident çıxışında Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin qovuşduğu coğrafiyada yerləşdiyini və Avropa ilə Asiya arasında mədəni körpü rolunu oynadığını qeyd etmişdir. Ölkəmizdə müxtəlif etnik qrupların və dini icmaların nümayəndələrinin birgə yaşaması, onların hüquq və azadlıqlarının qorunması cəmiyyətin sosial ahəngdarlığının mühüm xüsusiyyətlərindən biri kimi diqqətə çatdırılmışdır. Dövlət başçısı azərbaycançılıq ideyasının ölkədə yaşayan müxtəlif xalqları ümumi milli dəyərlər ətrafında birləşdirən amil olduğunu vurğulamışdır. Çıxışın əsas istiqamətlərindən biri Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər və milli maraqlara əsaslanan xarici siyasəti olmuşdur. Prezident İlham Əliyev müstəqilliyin bərpasından sonra ölkənin öz inkişaf yolunu müəyyənləşdirdiyini, milli-mənəvi dəyərlərini qoruduğunu və iqtisadi potensialını gücləndirdiyini bildirmişdir. Azərbaycanın enerji və nəqliyyat sahələrində artan rolu, beynəlxalq təşkilatlarla əməkdaşlığı və regional təşəbbüslərdə iştirakı ölkənin beynəlxalq əlaqələrinin genişlənməsinin mühüm göstəriciləri kimi təqdim olunmuşdur. Dövlət başçısı beynəlxalq münasibətlərdə ikili standartların aradan qaldırılmasının və dövlətlərin suverenliyinə hörmətlə yanaşılmasının vacibliyini də ön plana çəkmişdir. Onun fikrincə, müstəqil dövlətlərin daxili işlərinə müdaxilə edilməməsi, qarşılıqlı hörmət və bərabərhüquqlu münasibətlərin qorunması beynəlxalq gərginliklərin azalmasına və əməkdaşlığın genişlənməsinə kömək edə bilər. Bu yanaşma dialoqun yalnız mədəniyyət sahəsində deyil, siyasi münasibətlərdə də əhəmiyyətli vasitə olduğunu göstərir. Cənab Prezident Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsini və müxtəlif regional əməkdaşlıq formatlarında iştirakını ölkənin artan beynəlxalq əlaqələri kontekstində qeyd etmişdir. Xüsusilə, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində fəaliyyəti, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı və gələcək beynəlxalq tədbirlərə ev sahibliyi perspektivləri diqqətə çatdırılmışdır. Bu faktlar Azərbaycanın müxtəlif regionlar arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafına verdiyi töhfəni əks etdirir. Forumun əsas mesajlarından biri ondan ibarət olmuşdur ki, qlobal problemlərin həlli üçün dövlətlər arasında etimadın möhkəmləndirilməsi, mədəni fərqliliklərə hörmət və ortaq maraqlar əsasında əməkdaşlıq vacibdir. Münaqişələr və beynəlxalq qeyri-sabitlik şəraitində dialoq vasitələrinin qorunması, xalqlar arasında anlaşmanın artırılması və birgə fəaliyyət imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. CənabPrezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın multikulturalizm siyasətini, müstəqil xarici siyasətini və beynəlxalq əməkdaşlığa yanaşmasını əks etdirmişdir. Çıxışda irəli sürülən fikirlər göstərir ki, mədəniyyətlərarası dialoq xalqların yaxınlaşması ilə yanaşı, dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsi və davamlı sülhün təşviqi baxımından da mühüm əhəmiyyətə malikdir. “Ortaq gələcək naminə dialoq” ideyası fərqli mədəniyyətləri birləşdirən, qarşılıqlı anlaşmanı gücləndirən və beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradan əsas prinsiplərdən biri kimi çıxış edir.
Aliyə Abbasova,
YAP Yasamal rayon təşkilatının fəal gənci.



