AnalitikaGündəmSiyasət

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə: Azərbaycanın sülh, birlik və əməkdaşlıq mesajı

Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Dövlətimizin başçısı mərasimdə çıxış edib.

Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin qovuşduğu ölkə olub. Avropa ilə Asiya arasında yerləşən Azərbaycan əsrlər boyu bu iki qitə arasında mədəniyyət körpüsü rolunu oynayıb.

Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı dəyərlərdir və biz onları yüksək qiymətləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas amillərdən biri də cəmiyyətimizdəki ahəngdarlıqdır.

Bütün etnik qrupların və dini icmaların nümayəndələri Konstitusiyamıza uyğun olaraq bərabər hüquqlara malikdirlər. Onlar, eyni zamanda, vahid bir ailə kimi yaşayırlar. Ölkəmizdə həmrəyliyin, qarşılıqlı hörmətin və anlaşmanın yüksək səviyyəsi hiss olunur. Hamımız milli ideyalar ətrafında birləşirik. Bu ideyalardan biri də azərbaycançılıqdır.

Azərbaycançılıq ideyası ölkəmizdə yaşayan bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır dövrlərində özünü xüsusilə aydın şəkildə göstərib.

Ermənistanın hərbi təcavüzü və işğalı, eləcə də İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri milli kimliyimizi qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək uğrunda mübarizə aparıblar. Onlar Qələbəmizin rəmzi olan “Dəmir yumruq” ətrafında birləşərək xalqımızın birliyini nümayiş etdiriblər.

Azərbaycan əsrlər boyu öz dövlətçiliyindən məhrum olsa da, əvvəlki əsrlərdə formalaşmış zəngin dövlətçilik ənənələrinə malik olub. Son iki əsrdə müstəqillikdən məhrum olmağımıza baxmayaraq, yaşadığımız siyasi sistemdən asılı olmayaraq, milli dəyərlərimizi, dilimizi, ənənələrimizi və həyat tərzimizi qoruyub saxlaya bilmişik.

Müstəqilliyimizi bərpa etdikdən sonra öz taleyimizi özümüz müəyyənləşdirməyə başladıq və bütün dünyaya nəyə qadir olduğumuzu göstərdik. Mühüm nailiyyətlərimizdən biri də müstəqillik illərində yalnız milli ənənələrimizi və həyat tərzimizi qorumaqla kifayətlənməyərək, onları daha da möhkəmləndirməyimizdir.

Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlərdə birliyini nümayiş etdirir. Müstəqilliyimizin 35 ili ərzində ölkəmiz müxtəlif dövrlərdən keçib. Lakin biz hər zaman qarşıya qoyduğumuz məqsədlərə nail olacağımıza inanmışıq.

Həmin illərin böyük bir hissəsində əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı azad etmək olub.

Uzun illər ərzində aparılan danışıqlar, təəssüf ki, heç bir nəticə vermədi. Azərbaycan bu prosesdə səmimiyyətlə və ümidlə iştirak edirdi. Lakin danışıqların nəticəsiz qaldığını gördükdə, BMT Nizamnaməsinin, o cümlədən 51-ci maddəsinin təsbit etdiyi özünümüdafiə hüququndan istifadə edərək məsələni həll etdik.

Biz özümüzü müdafiə etdik və düşmən üzərində qələbə qazandıq. Otuz il Ermənistanın işğalı altında qalmış torpaqlarımızı azad etdik, ədaləti bərpa etdik, milli ləyaqətimizi və beynəlxalq hüququn prinsiplərini müdafiə etdik.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr uzun illər icra olunmamış qaldı. Azərbaycan həmin qətnamələrin tələblərini öz gücü hesabına həyata keçirdi.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı nəticəsində işğala son qoyuldu. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.

Şəhla İsmayılova,
YAP fəalı, MKS-nin 2 saylı kitabxana filialının müdiri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button