AnalitikaGündəmSiyasət

Bakıdan dünyaya çağırış

Məlum olduğu kimi, 2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək mədəniyyətlərarası və dinlərarası dialoqun əhəmiyyətinə, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və etimadın vacibliyinə, Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüslərinə, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun artmasına dair mühüm fikirlər səsləndirib. Dövlət başçısının çıxışı müasir dünyada sivilizasiyalar arasında anlaşmanın gücləndirilməsi və qlobal problemlərin dialoq yolu ilə həlli baxımından xüsusi əhəmiyyət daşıyır.

Forumunun açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev vurğulayıb ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ötən illər ərzində mədəniyyətlərarası münasibətlərin və qlobal gündəlikdə duran mühüm məsələlərin müzakirəsi üçün ən səmərəli beynəlxalq platformalardan birinə çevrilib. 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan bu forum müxtəlif ölkələri, beynəlxalq təşkilatları və fərqli mədəniyyətləri təmsil edən insanları bir araya gətirərək qarşılıqlı anlaşmanın inkişafına mühüm töhfə verir. VII Forumda 100-dən artıq ölkədən 2000-dən çox iştirakçının qeydiyyatdan keçməsi tədbirin beynəlxalq miqyasını və qlobal əhəmiyyətini bir daha nümayiş etdirir.

Dövlət başçısı beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suverenliyə ehtiram və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinin vacibliyini də diqqətə çatdırıb. Onun fikrincə, ölkələr arasında etimadın möhkəmləndirilməsi, ayrı-seçkiliyə və əsassız üstünlük iddialarına yol verilməməsi beynəlxalq əməkdaşlığın inkişafına, münaqişələrin azalmasına və ortaq problemlərin həllinə şərait yarada bilər. Azərbaycanın müstəqil xarici siyasəti və milli maraqlara əsaslanan mövqeyi bu prinsiplərin həyata keçirilməsinin mühüm nümunəsidir.

Forumda Azərbaycanın beynəlxalq nüfuzunun artması və qlobal təşəbbüslərdə fəal iştirakı da ön plana çəkilib. Prezident İlham Əliyev ölkəmizin müxtəlif beynəlxalq platformalarda oynadığı rola toxunaraq Azərbaycanın gələcəkdə də mühüm tədbirlərə ev sahibliyi edəcəyini bildirib. 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə Görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən beynəlxalq etimadın və hörmətin göstəricisi kimi dəyərləndirilib. Eyni zamanda, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində fəaliyyəti və beynəlxalq əməkdaşlıq əlaqələri ölkəmizin regional və qlobal proseslərdə artan rolunu nümayiş etdirir.

Dünyanın mədəniyyət mərkəzlərindən biri kimi tanınan Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. Azərbaycan dövləti tərəfindən mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın təşviqinə yönələn beynəlxalq miqyaslı tədbirlər onun mədəni müxtəlifliyə dəstəyinin göstəricisidir.

 

 

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button