AnalitikaGündəmSiyasət

Bütün nailiyyətlər Azərbaycan xalqının öz zəhməti sayəsində mümkün olmuşdur

27 oktyabr 2026-cı il tarixdə Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi tədbirdə dövlətimizin başçısı çıxış edərək Forumun əhəmiyyətini vurğulamışdır. Prezident cənab İlham Əliyev bildirmişdir ki, 100-dən artıq ölkədən gələn 500-dən çox qonağın və 2000-dən artıq qeydiyyatdan keçmiş iştirakçının qatıldığı bu tədbir mədəniyyətlərarası münasibətlərin tənzimlənməsində ötən 15 il ərzində mühüm və əhatəli platformaya çevrilmişdir. Azərbaycanın tarixən Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olduğunu qeyd edən dövlət başçısı multikulturalizm ənənələrinin, dini və etnik dözümlülüyün xalqımızın əsrlər boyu yaşatdığı və yüksək dəyərləndirdiyi meyarlar olduğunu vurğulamışdır. Cəmiyyətimizdəki ahəngdarlığın və bütün etnik qrupların bir ailə kimi yaşamasının ölkəmizin uğurlu inkişafının əsas təməli olduğu diqqətə çatdırılmışdır. Möhtərəm Prezidentimiz xüsusi olaraq qeyd etmişdir ki, hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və İkinci Qarabağ müharibəsi zamanı Azərbaycandakı bütün etnik və dini qrupların nümayəndələri ərazi bütövlüyümüzün bərpası üçün “Dəmir yumruq” kimi birləşərək əsl həmrəylik nümayiş etdirmişlər.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında Prezident cənab İlham Əliyev Azərbaycanın əsrlər boyu dövlətçiliyindən məhrum olmasına və fərqli sistemlərdə yaşamasına baxmayaraq, xalqımızın öz dilini, ənənələrini və həyat tərzini hər zaman qoruyub saxladığını vurğulamışdır. Müstəqilliyin bərpasının 35-ci ildönümünün qeyd olunduğu bu dövrdə ölkədə görülən möhtəşəm işlərin məhz müstəqillik illərində reallaşdırıldığı diqqətə çatdırılmışdır. Dövlətimizin başçısı qeyd etmişdir ki, müstəqillik illərində təkcə milli dəyərlər qorunub saxlanılmamış, eyni zamanda onlar daha da gücləndirilmiş və Azərbaycan cəmiyyəti dərin həmrəylik nümayiş etdirmişdir. Ölkə daxilində heç bir riskin olmadığını, bütün potensial təhlükələrin xaricdən gəldiyini vurğulayan cənab Prezident ideoloji risklərin də fiziki təhlükələr qədər təhlükəli olduğunu, buna görə də hər zaman ayıq-sayıq olmağın vacibliyini bildirmişdir. Çıxışda uzun illər ərzində nəticəsiz qalan və dondurulmağa çalışılan danışıqların xalqımızın iradəsini sındıra bilmədiyi xüsusi qeyd olunmuşdur. Azərbaycan torpaqlarının 30 illik işğalı ilə barışmayaraq, BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş qanuni özünümüdafiə hüququna əsasən BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan qətnamələrini təkbaşına icra etmiş, düşməni məğlub edərək tarixi ədaləti, milli ləyaqəti və beynəlxalq hüququ bərpa etmişdir.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan beynəlxalq hüququn normalarına uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Qələbədən dərhal sonra Ermənistana sülh təklif edən Azərbaycan hərbi münaqişələri tarixdə misli görünməmiş şəkildə tez bir zamanda sülh müstəvisinə keçirməklə mühüm presedent yaratmışdır. Ötən ilin yayında paraflanmış sülh sazişinin layihəsini də təqdim edən ölkəmiz sonsuz müharibələr və ya qisasçılıq niyyətində olmadığını, qisasın döyüş meydanında alındığını hər zaman bəyan etmişdir.

Müharibəni başlamağın asan, onu bitirməyin və qələbə qazanmağın isə son dərəcə çətin olduğunu vurğulayan dövlətimizin başçısı qeyd etmişdir ki, Azərbaycanın təcrübəsi, – ədalətli müharibədə Qələbə qazanmağımız, məğlub tərəfin kapitulyasiya etməsi, bundan sonra isə irəli getməyərək dayanmaq, – lazım olan məqamda dayanmağımız və sülh təklif etməyimiz mühüm əhəmiyyət daşıyır. Azərbaycanın təcrübəsi müasir münaqişələrdən əziyyət çəkən tərəflər üçün dəyərli nümunədir. 30 il ərzində BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın dərhal azad olunmasını tələb edən dörd qətnaməsinin kağız üzərində qalması və Ermənistana qarşı heç bir sanksiyanın tətbiq edilməməsi isə beynəlxalq səviyyədə mövcud olan ikili standartların açıq təzahürüdür. Azərbaycan siyasətdə həmişə ikili standartlara qarşı mübarizə aparmışdır və bu gün öz ərazi bütövlüyünü təmin edərək azad həyatına qovuşmuş ölkə kimi beynəlxalq siyasətdə bu cür ədalətsizliklərin tamamilə aradan qaldırılmasının vacibliyini qətiyyətlə müdafiə edir.

Ölkə Prezidenti vurğulamışdır ki, cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir. Bu təkcə müxtəlif müharibə və münaqişələrə yanaşmada özünü göstərmir. Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazimizin təxminən 20 faizini işğal etmiş, etnik təmizləmə siyasəti aparmış, nəticədə bir milyon azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınmış, dini və tarixi abidələrimiz, o cümlədən Qarabağda 65 məscid dağıdılmışdır. Lakin Ermənistana qarşı nə sanksiya tətbiq olunmuş, nə də o, cəzalandırılmışdır. Bax, ikili standart budur. İkili standartların təkcə bundan ibarət olmadığını vurğulayan Prezident cənab İlham Əliyev başqalarının müstəqil ölkələrə necə yaşamağı diktə etmək cəhdlərinin qəbuledilməz olduğunu bildirmişdir. Azərbaycan hər zaman öz daxili işlərinə diqqət yetirir, başqalarının işinə qarışmır və eyni münasibəti qarşı tərəfdən də gözləyir.

Ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin heç bir beynəlxalq yardım olmadan, məhz Azərbaycan xalqının öz zəhməti sayəsində qazanıldığı diqqətə çatdırılmışdır. Müstəqillik illərində dağıntılardan və yoxsulluqdan tərəqqiyə doğru yol keçən Azərbaycan bu gün qeyri-sabit regionda sabitliyin dayağı və beynəlxalq birliyin etibarlı, hörmətli üzvü kimi qəbul olunur. Ölkəmizin iki super güclə – 2025-ci ilin aprelində Çinlə imzalanmış hərtərəfli strateji tərəfdaşlıq Bəyannaməsi və həmin ilin avqustunda Amerika Birləşmiş Ştatları ilə imzalanmış Strateji Xartiya olmaqla yanaşı, Avropa İttifaqının 10 üzv dövləti ilə də strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Bundan əlavə, Azərbaycanın gələn il təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcək və quruma sədrlik edəcək olması ölkəmizin siyasətinə, dəyərlərinə və beynəlxalq nüfuzuna olan böyük hörmətin bariz nümunəsidir.

Azərbaycan multikulturalizm siyasəti və mədəniyyətlərarası dialoq sahəsində oynadığı mühüm rola görə növbəti mötəbər qlobal tədbirlərə ev sahibliyi etməyə hazırlaşır. Ölkəmiz Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyini uğurla davam etdirməklə yanaşı, Mərkəzi Asiya Məşvərət Formatına dəvət olunmuşdur. Eyni zamanda, 50-dən çox ölkəni birləşdirən Avropa Siyasi Birliyinin Zirvə Görüşünün 2028-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur ki, bu da ölkəmizə və həyata keçirilən dialoq siyasətinə olan dərin hörmətin bariz göstəricisidir.

Ölkəmizin iqtisadi müstəqilliyi və qlobal miqyasdakı rolu diqqətə çəkən əsas amillərdəndir. ÜDM-in 5 faizindən bir az artıq olan çox aşağı xarici borca malik olan Azərbaycan qlobal enerji bazarında etibarlı təchizatçı olmaqla yanaşı, müasir nəqliyyat və logistika infrastrukturu ilə regionun əsas mərkəzinə çevrilmişdir. Lakin mövcud risklərə qarşı hər zaman ayıq-sayıq olmağın vacibliyi də vurğulanmışdır.

Çıxışın ən mühüm məqamlarından biri kimi, Ermənistanla sülh sazişinin ötən ilin avqust ayında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə – Vaşinqtonda paraflandığı və üçtərəfli Bəyannamənin imzalandığı diqqətə çatdırılmışdır. Bu tarixi hadisə Cənubi Qafqaz tarixində tamamilə yeni reallıq yaradaraq sülh və əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırmışdır.

 

 

Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button