AnalitikaGündəmSiyasət

Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı”

Laçın Azərbaycanın tarixində özünəməxsus yeri olan qədim yaşayış məskənlərindən biridir. Zəngin təbiəti, strateji coğrafi mövqeyi, tarixi-mədəni irsi və milli-mənəvi dəyərləri ilə seçilən bu rayon uzun illər Azərbaycan xalqının yaddaşında doğma yurd, həsrət və qayıdış rəmzi kimi yaşayıb. Laçının taleyi Azərbaycanın müasir tarixinin ən ağrılı səhifələrindən biri ilə yanaşı, xalqımızın ərazi bütövlüyünün bərpası və Böyük Qayıdış siyasətinin ən parlaq nümunələrindən biri ilə də bağlıdır.

1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri Laçın rayonunu işğal etdi. Laçının işğalı Azərbaycanın digər ərazilərinin işğalından fərqli olaraq xüsusi strateji əhəmiyyət daşıyırdı. Rayon Ermənistanla keçmiş Dağlıq Qarabağ bölgəsi arasında coğrafi bağlantının formalaşdırılması baxımından mühüm mövqedə yerləşirdi. İşğal nəticəsində Laçının yerli əhalisi doğma torpaqlarından didərgin salındı, rayonun yaşayış məntəqələri dağıdıldı, tarixi-mədəni irsə ciddi ziyan vuruldu.
Laçının işğalı xalqımız üçün təkcə ərazi itkisi deyildi. Bu hadisə minlərlə insanın doğma yurd-yuvasından məhrum olması, tarixi-mədəni irsin dağıdılması və uzun illər davam edən məcburi köçkünlük ağrısı demək idi. Bununla belə, Azərbaycan xalqı Laçının azad ediləcəyinə olan inamını heç vaxt itirmədi. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər bu arzunun reallaşmasına yol açdı.
2020-ci il dekabrın 1-də Laçın rayonunun işğaldan azad olunması Azərbaycanın müasir tarixinin mühüm hadisələrindən biri oldu. Azərbaycan Prezidenti İlham Əliyev həmin gün xalqa müraciətində Laçın rayonunun azad olunmasını tarixi hadisə kimi qiymətləndirərək bildirdi ki, Ağdam və Kəlbəcərlə yanaşı, Laçın da hərbi əməliyyatların nəticəsi olaraq Azərbaycana qaytarılıb.
Laçının azad olunması 44 günlük Vətən müharibəsində Azərbaycanın hərbi-siyasi üstünlüyünün məntiqi nəticəsi idi. Bu hadisə həm də uzun illər davam edən işğal dövrünün başa çatmasının və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələnin başlanmasının göstəricisi oldu. Laçının strateji əhəmiyyəti nəzərə alınaraq onun azadlığı Azərbaycan dövlətinin qarşısında şəhərin və rayonun yenidən qurulması, əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi və burada dayanıqlı həyatın yaradılması kimi mühüm vəzifələr qoydu.
İşğaldan azad edildikdən sonra Laçında genişmiqyaslı quruculuq və bərpa işlərinə başlanıldı. Dağıdılmış şəhərin yerində müasir yaşayış məhəllələri, sosial obyektlər, yollar, mühəndis -kommunikasiya infrastrukturu yaradıldı. Məqsəd yalnız dağıdılmış binaları yenidən inşa etmək deyil, Laçını müasir, rahat və dayanıqlı yaşayış məkanına çevirmək idi. Dövlətin həyata keçirdiyi bu siyasət nəticəsində vaxtilə işğalın ağır izlərini daşıyan şəhərdə yeni həyat formalaşmağa başladı.
Laçının dirçəlişinin mühüm göstəricilərindən biri keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışıdır. İşğaldan sonra uzun illər başqa ərazilərdə yaşayan laçınlıların öz ata-baba torpaqlarına qayıtması Böyük Qayıdış prosesinin ən mühüm mənəvi nəticələrindən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında da Laçının sürətlə bərpa olunması və burada yeni həyatın qurulması xüsusi vurğulanıb.
Laçının dirçəlişi 2025-ci ildə daha böyük beynəlxalq və humanitar əhəmiyyət qazandı. MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü il oktyabrın 8-də qəbul etdiyi qərara əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edildi. Bu qərar həm Azərbaycan, həm də Laçın üçün xüsusi tarixi məna daşıyırdı. Çünki vaxtilə işğal nəticəsində demək olar ki, tamamilə dağıdılmış şəhərin cəmi bir neçə il sonra MDB məkanında mədəniyyət mərkəzi kimi seçilməsi Laçının dirçəlişinin beynəlxalq səviyyədə tanınmasının mühüm göstəricisi oldu.
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Laçının əvvəlki vəziyyəti ilə bugünkü siması arasındakı fərqə diqqət çəkərək şəhərin 30 ilə yaxın işğal altında qaldığını, demək olar ki, tamamilə dağıdıldığını, lakin azadlıqdan sonra bərpa edilərək burada yeni həyatın başladığını qeyd edib. Onun sözlərinə görə, keçmiş məcburi köçkünlərin Laçına qayıtması şəhərin yenidən dirçəldiyini göstərən mühüm amildir.
“Mədəniyyət paytaxtı” statusunun Laçına verilməsi ilk növbədə şəhərin tarixi və mədəni irsinin MDB məkanında təqdim olunması baxımından əhəmiyyətlidir. Laçın zəngin təbiəti ilə yanaşı, qədim tarixi abidələri, memarlıq nümunələri və folklor ənənələri ilə seçilir.
2025-ci ildə Laçında “MDB-nin mədəniyyət paytaxtı” ili çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi şəhərin yeni simasının beynəlxalq ictimaiyyətə təqdim edilməsinə də imkan yaratdı. İl ərzində təşkil olunan tədbirlər vasitəsilə Azərbaycanın milli-mədəni irsi, Laçının tarixi, folkloru, incəsənəti və müasir inkişafı MDB ölkələrinin nümayəndələrinə təqdim edildi. 2025-ci ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasiminin keçirilməsi də bu baxımdan mühüm hadisə oldu.
Laçının “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi həm də Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa siyasətinin miqyasını nümayiş etdirdi. Bir neçə il əvvəl dağıntılar içində olan şəhərin qısa müddətdə müasir infrastruktura malik yaşayış məkanına çevrilməsi yalnız tikinti və abadlıq layihəsi deyil, eyni zamanda milli iradənin, dövlət siyasətinin və Böyük Qayıdış konsepsiyasının nəticəsidir. Bu mənada Laçın işğaldan azad olunmuş ərazilərin gələcək inkişaf modelinin simvolik şəhərlərindən birinə çevrilib.
Laçının tarixində 1992-ci il mayın 18-i ilə 2020-ci il dekabrın 1-i arasında böyük bir zaman fərqi olsa da, bu iki tarix şəhərin taleyində bir-birinə əks iki dövrü ifadə edir.
Bu gün Laçın Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı quruculuq siyasətinin ən diqqətçəkən nümunələrindən biridir. Şəhərin bərpası ilə yanaşı, burada insanların rahat yaşayışı, iqtisadi fəallığın artırılması, turizm imkanlarının inkişaf etdirilməsi və mədəni həyatın canlandırılması istiqamətində mühüm işlər görülür. Beləliklə, bir vaxtlar işğalın və dağıntının simvoluna çevrilmiş Laçın indi azadlığın, dirçəlişin, qayıdışın və mədəni inkişafın rəmzi kimi yeni tarixini yazır.

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button