AnalitikaGündəmSiyasət

Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında ikitərəfli münasibətlər

Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin 23 avqust 2026-cı il tarixində Özbəkistan Respublikasına dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında mühüm tarixi hadisə kimi yadda qaldı. Səfər iki qardaş ölkə arasında siyasi dialoqun, strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşımaqla yanaşı, Azərbaycan ilə Mərkəzi Asiya arasında əlaqələrin yeni geosiyasi və geoiqtisadi reallıqlar əsasında genişlənməsinə mühüm töhfə verdi. Prezident İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi ilə başlayan səfəri çərçivəsində bir sıra mühüm görüşlər, tədbirlər və layihələrin təqdimatı keçirildi.

Səfərin mühüm məqamlarından biri Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü və daha sonra Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında iştirak etməsi oldu. Ali Dövlətlərarası Şuranın fəaliyyəti iki ölkə arasında əldə olunmuş müttəfiqlik münasibətlərinin institusional əsaslarını möhkəmləndirən mühüm mexanizmə çevrilib. İclasda ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri, iqtisadi-ticari əməkdaşlıq, investisiyalar, nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələr üzrə qarşılıqlı fəaliyyət məsələləri müzakirə edildi.
Səfərin xüsusi siyasi əhəmiyyətini Azərbaycan və Özbəkistan arasında Əbədi dostluq haqqında tarixi Müqavilənin imzalanması daha da artırdı. Bu sənəd iki ölkənin münasibətlərinin möhkəm siyasi, mənəvi və tarixi təməl üzərində qurulduğunu nümayiş etdirir. Prezident Şavkat Mirziyoyev də səfəri tarixi əhəmiyyətli hadisə kimi qiymətləndirərək imzalanan sənədlərin və əldə olunan razılaşmaların ikitərəfli əməkdaşlığın yeni mərhələsinə yol açdığını vurğuladı.
Prezident İlham Əliyevin səfər çərçivəsində verdiyi mətbuata bəyanat Azərbaycan–Özbəkistan əlaqələrinin mahiyyətini və gələcək inkişaf perspektivlərini aydın şəkildə ortaya qoydu. Dövlətimizin başçısı iki ölkə arasında münasibətlərin həm mənəvi, həm də maddi baxımdan möhkəm təməl üzərində qurulduğunu qeyd etdi. Prezidentin sözlərinə görə, ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərlə yanaşı, Azərbaycan və Özbəkistan arasında iqtisadi və praktiki əməkdaşlığın da genişlənməsi münasibətləri xüsusi xarakterli edir.
Prezident İlham Əliyev Özbəkistanın son illərdə əldə etdiyi böyük inkişaf göstəricilərini yüksək qiymətləndirdi. O bildirdi ki, bu gün Özbəkistan sənaye, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturu sahələrində mühüm nailiyyətlər əldə edən, beynəlxalq nüfuzu artan dövlətə çevrilib. Bu inkişaf Azərbaycan–Özbəkistan əməkdaşlığının genişlənməsi üçün də əlverişli imkanlar yaradıb. Dövlətimizin başçısının fikirlərindən aydın görünür ki, iki ölkənin paralel inkişaf kursu qarşılıqlı iqtisadi əlaqələrin daha geniş miqyas almasına şərait yaradır.
Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq artıq konkret layihələrlə zənginləşib. Son illərdə qarşılıqlı ticarətin və investisiyaların artması, müxtəlif sahələrdə birgə müəssisələrin yaradılması iki ölkənin iqtisadi potensiallarının bir-birini tamamladığını göstərir. Ali Dövlətlərarası Şuranın iclasında qeyd olunduğu kimi, qarşılıqlı ticarətin həcmi son beş ildə üç dəfə artıb, birgə layihələrin ümumi portfeli isə 5 milyard dolları ötüb. Bu göstəricilər iqtisadi münasibətlərin strateji xarakter daşıdığını təsdiqləyir.
Səfər çərçivəsində Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi və yeni başladığı layihələrin təqdimatı da mühüm əhəmiyyət daşıdı. “Davr Bank” layihəsinin açılışı, gips zavodunun və STEAM məktəblərinin istifadəyə verilməsi ilə yanaşı, SOCAR-ın yeni yanacaqdoldurma məntəqələri, “Sea Breeze Uzbekistan”, “Baku City”, gümüş tərkibli filizin emalı zavodu və meyvə bağları kimi layihələrin təməlqoyma mərasimləri keçirildi. Bu layihələr Azərbaycan biznesinin Özbəkistan iqtisadiyyatına artan marağının və iki ölkə arasında investisiya əməkdaşlığının praktiki nəticələrinin göstəricisidir.
Əməkdaşlığın əhatə dairəsinin genişliyi Prezident İlham Əliyevin mətbuata bəyanatında da xüsusi vurğulandı. Energetika, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektoru ilə yanaşı, bankçılıq və neft-qaz sahələrində də birgə layihələrin həyata keçirildiyi bildirildi. Bu, Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız siyasi və humanitar əlaqələrlə məhdudlaşmadığını, real iqtisadi məzmunla zənginləşdiyini göstərir.
Səfərin mühüm humanitar və mədəni hadisələrindən biri Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin iştirak etməsi oldu. Universitetin Nizami Gəncəvinin adını daşıması Azərbaycan və Özbəkistan xalqları arasında ortaq mədəni irsin, elm və təhsil əlaqələrinin parlaq nümunəsidir. Təhsil sahəsində bu cür layihələr gənc nəsillərin bir-birinin tarixini, ədəbiyyatını və mədəniyyətini daha yaxından tanımasına xidmət edir.
Səfər zamanı “Yeni Daşkənd” layihəsi ilə tanışlıq da xüsusi diqqət çəkdi. Prezident İlham Əliyevə Özbəkistanın ən böyük şəhərsalma layihəsi haqqında məlumat verildi. Layihədə müasir infrastruktur, təhsil, elm, nəqliyyat, ekologiya, rəqəmsal texnologiyalar və iqtisadi fəaliyyət vahid məkanda birləşdirilir. Bu, Azərbaycanın 2026-cı ildə elan etdiyi “Şəhərsalma və Memarlıq İli” kontekstində də maraq doğuran mühüm təcrübədir və iki ölkə arasında şəhərsalma sahəsində qarşılıqlı təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır.
Səfərin rəmzi məqamlarından biri Yeni Daşkənddə “Azərbaycan” parkının təməlinin qoyulması oldu. Parkda Azərbaycanın çoxəsrlik tarixini, zəngin mədəniyyətini və milli ənənələrini əks etdirən ictimai məkan yaradılacaq. Bakıda “Özbəkistan” parkının, Yeni Daşkənddə isə “Azərbaycan” parkının salınması iki xalq arasındakı qardaşlığın və qarşılıqlı hörmətin simvolik ifadəsidir. Bu layihələr xalqlarımızın bir-birinə yaxınlığını gələcək nəsillərə çatdıracaq mühüm mədəni irs nümunələridir.
Prezident İlham Əliyevin səfəri çərçivəsində Özbəkistanın Müstəqillik abidəsini ziyarət etməsi də xüsusi məna daşıyır. Dövlətimizin başçısının abidə önünə əklil qoyması Azərbaycan xalqının qardaş Özbəkistanın dövlət müstəqilliyinə və milli iradəsinə göstərdiyi hörmətin ifadəsidir.
Səfərin digər mühüm hadisəsi Prezident Şavkat Mirziyoyevin “Heydər Əliyev” ordeni ilə təltif olunması oldu. Azərbaycan Prezidentinin sərəncamında Şavkat Mirziyoyevin Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında xüsusi xidmətləri qeyd edilir. Bu yüksək dövlət təltifi iki ölkə rəhbərləri arasında mövcud olan qarşılıqlı hörmətin və Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafına verilən böyük siyasi qiymətin göstəricisidir.
Azərbaycan və Özbəkistan münasibətlərinin sürətli inkişafı yalnız ikitərəfli əlaqələr baxımından deyil, Mərkəzi Asiya və Cənubi Qafqaz arasında formalaşan yeni əməkdaşlıq mühiti baxımından da mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan ilə Mərkəzi Asiyanın böyük potensiala malik vahid geosiyasi və geoiqtisadi məkan kimi inkişaf etdiyini vurğuladı. Bu yanaşma nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi, enerji əməkdaşlığının dərinləşdirilməsi, ticarət marşrutlarının şaxələndirilməsi və qarşılıqlı investisiyaların artırılması baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsi ölkəmizin Türk dünyasında artan rolunu da nümayiş etdirir. Azərbaycan və Özbəkistan arasında sıx əməkdaşlıq Türk Dövlətləri Təşkilatı çərçivəsində həmrəyliyin möhkəmləndirilməsinə, ortaq iqtisadi və nəqliyyat layihələrinin inkişafına, mədəni-humanitar əlaqələrin genişlənməsinə mühüm töhfə verir. Bakı ilə Daşkənd arasında formalaşan yüksək səviyyəli siyasi etimad Türk dünyasının gələcək inkişafı üçün də mühüm strateji resursdur.
Bütün bunlar göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız dostluq və qardaşlıq anlayışları ilə məhdudlaşmır. Bu münasibətlər qarşılıqlı siyasi dəstəyə, iqtisadi maraqlara, strateji tərəfdaşlığa, müttəfiqliyə və ortaq gələcəyə əsaslanan çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Prezident İlham Əliyevin 23 avqust 2026-cı il tarixli dövlət səfəri həmin modelin yeni məzmunla zənginləşdirilməsi baxımından mühüm mərhələ oldu.
Səfərin nəticələri bir daha təsdiqlədi ki, Azərbaycan və Özbəkistan arasında münasibətlərin əsasını yalnız dövlətlərarası maraqlar deyil, xalqlarımızı birləşdirən ortaq tarix, dil və mədəni yaxınlıq, mənəvi dəyərlər və qarşılıqlı etimad təşkil edir. Bu möhkəm təməl üzərində qurulan əməkdaşlıq gələcəkdə daha böyük iqtisadi layihələrin, yeni nəqliyyat və logistika imkanlarının, enerji təşəbbüslərinin, təhsil və mədəniyyət proqramlarının həyata keçirilməsinə şərait yaradacaq.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan diplomatiyasının Mərkəzi Asiya istiqamətində ardıcıl və məqsədyönlü siyasətinin növbəti uğurlu nümunəsidir. Səfər zamanı keçirilən görüşlər, Ali Dövlətlərarası Şuranın iclası, imzalanan tarixi sənədlər, iqtisadi layihələrin təqdimatı, təhsil və mədəniyyət təşəbbüsləri Azərbaycan–Özbəkistan münasibətlərinin hərtərəfli inkişaf etdiyini nümayiş etdirdi. Bu münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyi, Azərbaycan və Özbəkistanın regional sülhə, sabitliyə, iqtisadi tərəqqiyə və Türk dünyasının birliyinə mühüm töhfələr verəcəyi şübhəsizdir.
Beləliklə, 23 avqust 2026-cı il dövlət səfəri Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətlərinin strateji məzmununu daha da gücləndirən, iki ölkənin gələcək əməkdaşlığı üçün yeni perspektivlər açan və bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafına mühüm təkan verən tarixi hadisə kimi qiymətləndirilə bilər.

Ziya Vəliyev ,
YAP Şəki rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button