AnalitikaGündəmSiyasət

Keçmişin deyil, Azərbaycanın gələcəyinin şəhərləri

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə haqqında danışarkən ilk növbədə tarix yada düşür. Bu şəhərlərin hər birinin keçmişində mühüm hadisələr, ağır sınaqlar və Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış səhifələr var. Lakin 20 Sentyabrın bu şəhərlərlə bağlı xüsusi tarix kimi müəyyən edilməsi onların yalnız keçmişlə əlaqələndirilməsinin qarşısını alan mühüm bir mesaj taşıyır. Bu şəhərlər artıq Azərbaycanın gələcəyinin də mühüm ünvanlarıdır.

Bu gün həmin şəhərlərdə əsas diqqət quruculuğa yönəlib. Yeni yolların çəkilməsi, yaşayış evlərinin tikilməsi, sosial obyektlərin yaradılması, kommunal sistemlərin kurulması və insanların doğma torpaqlarına qayıtması Qarabağda yeni həyatın əsas göstəriciləridir. Bu proses Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasətinin əsas istiqamətlərindən biridir. Xocalıya qayıdışın 2024-cü ildə başlaması artıq bu siyasətin real nəticələrini ortaya qoyub.

Qarabağ şəhərlərinin gələcəyinin kurulması həm də Azərbaycan dövlətinin inkişaf modelinin yeni mərhələsini nümayiş etdirir. Burada şəhərsalma yalnız mövcud tikililərin bərpası ilə məhdudlaşmır. Yeni yaşayış məhəllələri, ictimai məkanlar, nəqliyyat infrastrukturu və sosial xidmətlər müasir tələblərə uyğun şəkildə formalaşdırılır. Xankəndidə Zəfər parkının yaradılması və dəmir yolu-avtovağzal kompleksinin inşasına başlanılması şəhərin gələcək ictimai və nəqliyyat simasının formalaşdırılmasına yönəlmiş layihələrdəndir.

Ən mühüm məqam isə insanın doğma torpağına qayıtmasıdır. Şəhərlər yalnız binalardan ibarət deyil; şəhəri şəhər edən onun insanları, məktəbləri, küçələri, mədəni həyatı və gündəlik yaşamıdır. Buna görə Qarabağda qurulan hər bir ev və obyekt əslində daha böyük bir məqsədə – yeni sosial həyatın yaradılmasına xidmət edir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə keçmişin izlərini qoruyaraq gələcəyə doğru irəliləyəcək. Bu şəhərlərin küçələrində yalnız tariximizin izi deyil, Azərbaycanın gələcəyinin addımları da eşidiləcək.

Mircavid Hüseynov,

YAP Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 152” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button