AnalitikaGündəm

Jurnalistikamız yeni dövrdə

Bildiyimiz kimi, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Onun nəşr etdiyi”Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu. XIX əsrin sonlarında “Ziya”,”Kəşkül”,”Kaspi” qəzetləri nəşrə başlamışdı.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Jurnalistikamızın hələ I Qarabağ müharibəsi dönəmində mövcud istiqamətdə təcrübəsi var idi. Həmin dövrdə kifayət qədər peşəkar reportyorlar və operatorlarımıza misal olaraq,  Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, Seyidağa Mövsümlü, Əli Qafarov, Fəxrəddin Şahbazov, Bəxtiyar Qaraca və digərlərinin adlarını sadalaya bilərik.

1992-ci ildə yaradılan hərbi senzura yazılı mətbuatın vəziyyətini daha da ağırlaşdırdı.1993-cü ilin aprel ayında senzuranın tətbiqinin miqyasının genişləndirilməsi və bütün informasiya yayımını əhatə etməsi haqqında verilən sərəncam məlumat azadlığını, jurnalistlərin sərbəst məlumat əldə etmək və yaymaqla bağlı peşə fəaliyyətini ciddi şəkildə məhdudlaşdırırdı.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada da mətbuata verilən qiymət öz əksini tapdı: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması prosedurası asanlaşdırıldı.

1998-ci ildə imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Bu fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Bu gün Azərbaycanda yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir. Həmçinin, 44 günlük Vətən müharibəsində istər yerli, istəsə də xarici KİV-lərin reallığı işıqlandırılmasında böyük əhəmiyyəti olmuşdur. 2021-ci il 12 yanvar ayında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradılmışdır. Agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətini tənzimləyən hüquqi qurumdur.

Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır!

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button