İran Ukraynaya xəbərdarlıq etdi
“İranın silah istehsal edən müəssisələrinin məhv edilməsinə dair çağırışların Ukrayna üçün siyasi və hüquqi nəticələri olacaq”.
Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi Naser Kanaani brifinqdə deyib.
“XİN pilotsuz uçuş aparatları və Ukrayna məsələsi ilə bağlı mövqeyini dəfələrlə bildirib. İrana ünvanlanan ittihamlar Ukraynaya kömək etməyəcək. Kim tərəfindən səsləndirilməsindən asılı olmayaraq təhdid ritorikasını məsuliyyətsizlik hesab edirik”, – deyə Kanaani qeyd edib.
Qeyd edək ki, Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bir neçə gün əvvəl bildirib ki, “işə yaramayan sanksiyalardan” uzaqlaşmaq və PUA tədarükçülərinin həbsinə və PUA istehsal edən müəssisələrin məhv edilməsinə başlamaq lazımdır.
Xatırladaq ki, bundan əvvəl, İran Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Konqresində çıxışından sonra onu hədələyib. “Ukrayna lideri ABŞ-nin dəstəyi ilə kifayətlənən bəzi digər siyasi liderlərin taleyindən dərs almalıdır”, – deyə Kanaani qeyd edib.