AnalitikaGündəmİdman

İlham Əliyev güləşçilərin Avropa çempionatındakı qələbəsini yüksək qiymətləndirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Avropa çempionatında komanda hesabında çempion olmuş güləşçilərin qəbul edilməsi ölkədə idmanın inkişafına verilən yüksək dəyərin bariz nümunəsidir. Dövlət başçısı çıxışında milli komandamızın Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbəni xüsusi vurğulayaraq idmançıları səmimi-qəlbdən təbrik etmişdir. Bu uğurun yalnız idman nailiyyəti deyil, həm də milli qürur məsələsi olduğunu qeyd edən Prezident, Azərbaycan güləşçilərinin Avropada lider mövqeyini bir daha təsdiqlədiyini bildirmişdir.Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, bu gün həm dünyada, həm də Avropada güləş üzrə rəqabət xeyli güclənmişdir. Müxtəlif ölkələri təmsil edən tanınmış idmançıların yüksək nəticələr göstərməsi fonunda Azərbaycan güləşçilərinin komanda hesabında birinci olması xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı bəzi yarışları şəxsən izlədiyini bildirərək, idmançılarımızın peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək rəqiblərini ədalətli mübarizədə məğlub etdiklərini vurğulamışdır.

Bu qələbənin bütün Azərbaycan xalqı üçün sevinc mənbəyi olduğunu deyən Prezident İlham Əliyev, güləş idmanının ölkədə uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır. O, güləşin zəngin ənənələrə malik olduğunu və bu ənənələrin bu gün də yaşadıldığını qeyd etmişdir. Xüsusilə sevindirici hal kimi həm təcrübəli, həm də gənc idmançıların yüksək nəticələr əldə etməsini göstərən Prezident, bunun düzgün qurulmuş məşq və seleksiya sisteminin nəticəsi olduğunu bildirmişdir.Dövlət başçısı federasiyanın fəaliyyətinə də toxunaraq məşqçiləri, rəhbərliyi və əlbəttə ki, idmançıları təbrik etmişdir. O qeyd etmişdir ki, Azərbaycanın tanınmış idmançıları, o cümlədən Olimpiya çempionları federasiya rəhbərliyində və məşqçi heyətində təmsil olunurlar. Bu isə idmanın davamlı inkişafına və təcrübənin yeni nəslə ötürülməsinə mühüm töhfə verir. Prezident İlham Əliyev vurğulamışdır ki, vaxtilə özünün izlədiyi idmançılar bu gün məşqçi kimi fəaliyyət göstərərək yeni çempionlar yetişdirirlər.

Prezident çıxışında idmanın cəmiyyət həyatındakı rolunu da xüsusi qeyd etmişdir. O bildirmişdir ki, Azərbaycan bayrağı beynəlxalq arenada qaldırılarkən xalqımız böyük qürur hissi keçirir. Bu qələbələr yalnız idman uğuru deyil, eyni zamanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün mühüm vasitədir. İdmanın inkişafı son illərdə ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsidir və bu proses gələcəkdə də davam etdiriləcəkdir.

Bununla yanaşı, Prezident İlham Əliyev bölgələrdə idmanın inkişafına xüsusi diqqət yetirildiyini qeyd etmişdir. Ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən Olimpiya İdman kompleksləri və güləş zalları gənclərin idmana cəlb olunmasına geniş imkanlar yaradır. Dövlət başçısı vurğulamışdır ki, seleksiya və hazırlıq prosesinin təkmilləşdirilməsi gələcək uğurların əsasını təşkil edir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin güləşçilərlə görüşü bir daha göstərir ki, Azərbaycanda idmana dövlət səviyyəsində böyük önəm verilir. Nəsillər dəyişsə də, Azərbaycan idmanının uğurları davamlı xarakter daşıyır və ölkə beynəlxalq arenada öz mövqeyini möhkəmləndirməyə davam edir.

Pərvin Cəfərli,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

 

 

Oxşar Xəbərlər

Back to top button