
Laos bizim üçün dost ölkədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Oktyabrın 13-də Bakıda keçirilən görüşlər Azərbaycan ilə Laos arasında siyasi dialoqun inkişaf etdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından diqqət çəkir. İki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və mövcud əməkdaşlıq potensialının reallaşdırılması səfərin əsas istiqamətlərini təşkil edib.
Səfərin mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Laos arasında “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat” qəbul edilib, iki mühüm əməkdaşlıq sənədinin imzalanması və sənədlərin mübadiləsi mərasiminin keçirilməsi olub. İmzalanmış sənədlərin əhəmiyyəti yalnız ikitərəfli münasibətlərin rəsmiləşdirilməsi ilə məhdudlaşmır. Onlar gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi, əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsi və əldə edilmiş razılaşmaların konkret layihələrə çevrilməsi üçün imkanlar yaradır.
Səbinə İsgəndəli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



