
Dil hər bir xalqın varlığının ən əsas təminatçısı, milli varlığını müəyyən edən başlıca amildir. Ana dilini hifz etmədən, onun inkişafı, zənginləşməsi üçün zəruri tədbirlər həyata keçirmədən xalqın milli özünəməxsusluğunu, milli ruhunu qorumaq mümkün deyildir. Xalqımızın ana dilinin qorunub mühafizə olunması birmənalı olaraq Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmişdi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Ulu Öndər Heydər Əliyev 1978-ci ildə Azərbaycan dilinin tarixində, bütövlükdə xalqımızın yaddaşında dərin iz qoyacaq tarixi təşəbbüslə çıxış etmişdir. Beləki, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdu.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açılmışdır. Xalqımız 1995-ci il noyabr ayının 12-də referendum yolu ilə mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar çıxmışdır. Beləliklə, dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırılmış, onun hüquqları qorunmuş, cəmiyyətdəki mövqeləri bərpa edilmişdir.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması istiqamətində verdiyi sərəncamlarla dilimizin və mədəniyyətimizin hər zaman keşiyində dayandığını Azərbaycan xalqına və dünya azərbaycanlılarına nümayiş etdirməkdədir.
Tamerlan Qurbanov,
YAP Siyəzən RT-nın məsləhətçisi