Hava ilə bağlı sürücülərə xəbərdarlıq
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müraciətdə bildirilir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidməti yanvarın 8-12-də Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı və bəzi yolların buz bağlayacağı ilə bağlı məlumat yayıb.
Baş Dövlət Yol Polisi İdarəsi verilən proqnozla əlaqədar sürücülərə müraciət edərək ehtiyatlı olmağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməməyi, küləkli havaya görə avtomobillərini ağacların, iri reklam lövhələrinin, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, nəqliyyat vasitələrinin şüşəyuyanları və şüşəsilgəclərinin müəyyən edilmiş rejimdə işləməsini yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etməməyi xahiş edir.
Digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava durumununa görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar.
***
Bakı Nəqliyyat Agentliyi də yanvarın 8-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığı nəzərə alaraq hərəkət iştirakçılarına yollarda diqqətli olmağı tövsiyə edir.
Agentlik qarlı və şaxtalı hava şəraitində sürücülərə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edir. Həmçinin sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları, həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir:
“Sürücülərə tövsiyə edirik ki, sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amillər nəzərə alsınlar və digər hərəkət iştirakçılarına qarşı anlayışla davransınlar. Ümumilikdə isə kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini tövsiyə edirik”.