AnalitikaGündəmSiyasət

Gələcəyə açılan yeni imkanlar

Azərbaycan və Böyük Britaniya arasında təhsil, elm və innovasiya əməkdaşlığı

Müasir dünyada dövlətlərin davamlı inkişafı yalnız iqtisadi və siyasi imkanlarla deyil, həm də insan kapitalının gücləndirilməsi, elmi potensialın artırılması və innovativ texnologiyaların tətbiqi ilə müəyyən olunur. Rəqəmsallaşmanın sürətləndiyi, süni intellektin və yeni texnologiyaların həyatın bütün sahələrinə nüfuz etdiyi bir dövrdə beynəlxalq elmi və təhsil əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə təhsil, elm və innovasiya sahələrinin ayrıca istiqamət kimi müəyyənləşdirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

2026-cı il noyabrın 12-də imzalanmış sənəddə hər iki ölkə təhsilin, elmin, tədqiqatın və innovasiyanın uzunmüddətli rifahın, məhsuldarlığın və sosial dayanıqlığın əsas amillərindən olduğunu təsdiqləyir. Bu yanaşma müasir, rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyatın formalaşdırılmasında bilik və texnologiyaların rolunu ön plana çıxarır.

Bəyannamədə ali təhsil, peşə təhsili və hazırlığı, rəqəmsal və texniki bacarıqların inkişafı, eləcə də dövlət sektorunda təlim və təcrübə mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur. Bu istiqamətlər əmək bazarının müasir tələblərinə uyğun kadr hazırlığının təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir.

Azərbaycan üçün insan kapitalının inkişafı və gənclərin müasir biliklərə yiyələnməsi strateji prioritetlərdəndir. Beynəlxalq təcrübənin öyrənilməsi, universitetlər və elmi-tədqiqat müəssisələri arasında əlaqələrin gücləndirilməsi ölkəmizdə elmi potensialın və təhsilin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərə bilər.

Sənəddə süni intellekt, rəqəmsal idarəetmə, inkişaf etməkdə olan texnologiyalar və həyat elmləri sahələrində əməkdaşlığın təşviqi xüsusi yer tutur. Universitetlər, tədqiqat institutları və sənaye müəssisələri arasında tərəfdaşlıqların inkişaf etdirilməsi elmi nəticələrin praktik tətbiqinə, yeni texnologiyaların yaradılmasına və innovativ iqtisadiyyatın formalaşmasına imkan yaradır.

Xüsusilə süni intellekt və rəqəmsal idarəetmə sahəsində bilik və təcrübə mübadiləsi dövlət idarəçiliyinin müasirləşdirilməsi, xidmətlərin səmərəliliyinin artırılması və rəqəmsal transformasiyanın sürətləndirilməsi baxımından əhəmiyyətlidir.

Bəyannamənin digər mühüm məqamı insanlararası əlaqələrin və peşəkar şəbəkələrin inkişafına diqqət yetirilməsidir. Mədəni mübadilələr, elmi görüşlər, təhsil proqramları və müxtəlif peşə sahələri üzrə əməkdaşlıq iki xalq arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir.

Sənəddə nəzərdə tutulan illik Strateji Tərəfdaşlıq görüşləri təhsil, elm və innovasiya istiqamətlərində əldə olunan nəticələrin qiymətləndirilməsi və yeni əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsi üçün də mühüm platforma olacaq.

Beləliklə, Azərbaycan və Böyük Britaniya arasında təhsil, elm və innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsi gələcəyə hesablanmış strateji addımdır. Bu tərəfdaşlıq bilikli və peşəkar kadrların hazırlanmasına, elmi potensialın inkişafına, rəqəmsal iqtisadiyyatın güclənməsinə və gənclər üçün yeni imkanların yaranmasına töhfə verə bilər. İmzalanmış Birgə Bəyannamə iki ölkənin yalnız bugünkü maraqlarına deyil, həm də gələcək nəsillərin inkişaf perspektivlərinə xidmət edən mühüm əməkdaşlıq sənədidir.

Gülər Kərimova,  
YAP Şabran rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button