
Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik, sabitlik və dövlətlərin müdafiə qabiliyyətinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, yeni təhlükələrin və çağırışların meydana çıxdığı bir dövrdə dövlətlər arasında etibarlı tərəfdaşlığın qurulması mühüm zərurətə çevrilib. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
2026-cı il noyabrın 12-də imzalanmış sənədin əsas istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsidir. Bəyannamədə hər iki dövlətin regional sülh və sabitliyin qorunmasına töhfə vermək, ümumi təhdidlərin qarşısını almaq və yaranan təhlükəsizlik çağırışlarına daha effektiv cavab vermək istiqamətində əməkdaşlığı gücləndirmək niyyəti ifadə olunur.
Sənəddə yüksək səviyyəli siyasi və institusional əlaqələrin davam etdirilməsi, ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə koordinasiyanın dərinləşdirilməsi nəzərdə tutulur. Bu yanaşma dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi ilə yanaşı, təhlükəsizlik məsələlərində birgə fəaliyyət imkanlarının genişləndirilməsinə xidmət edir.
Müdafiə sahəsində əməkdaşlığın əsas istiqamətlərinə hərbi təlimlər, peşəkar hazırlıq, potensialın artırılması və qarşılıqlı fəaliyyət imkanlarının inkişafı daxildir. Eyni zamanda, müdafiə sənayesi sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarının araşdırılması da sənəddə öz əksini tapıb. Bu istiqamətlər hər iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin və peşəkar əlaqələrin inkişafına şərait yarada bilər.
Bəyannamənin digər mühüm istiqaməti hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsidir. Sərhəd idarəçiliyi, məhkəmə-hüquq sahəsi və qanunun aliliyinin təmin edilməsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi institusional dayanıqlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Azərbaycanın yerləşdiyi geosiyasi məkan, Şərqlə Qərb arasında mühüm nəqliyyat və kommunikasiya qovşağı olması ölkəmizin regional təhlükəsizlik sistemində rolunu daha da artırır. Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin edilməsi yalnız region dövlətləri üçün deyil, daha geniş beynəlxalq ictimaiyyət üçün də vacibdir.
Bəyannamədə BMT Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət xüsusi olaraq vurğulanır. Bu prinsiplər beynəlxalq təhlükəsizlik sisteminin əsasını təşkil edir.
Beləliklə, Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi iki ölkənin strateji münasibətlərinin mühüm tərkib hissəsidir. Bu əməkdaşlıq regional sabitliyin möhkəmlənməsinə, qarşılıqlı etimadın artırılmasına və beynəlxalq təhlükəsizliyə töhfə verə biləcək yeni imkanların yaranmasına xidmət edir.
Cavani Babayev,
YAP Şabran rayon təşkilatının sədr müavini



