“Gələcək zəfərlər naminə qalib Liderə səs verək!”
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Nəsimi rayonunda seçicilərlə növbəti görüş keçirilib.
Aktualinfo.az xəbər verir ki, görüşdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, YAP Veteranlar Şurasının üzvü Rafiq Məmmədhəsənov, təşviqat qrupunun üzvləri Vaqif Abdullayev, Elsevər Ağayev, Yaşar Əhmədov, Lütfəli Sultanov, Hacan Hacıyev, Valeh Hüseynov, Ədalət Həsənov, Könül Ələkbərov çıxış ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Ərazi bütövlüyümüz və dövlət suverenliyimiz təmin olunduqdan sonra keçirilən bu seçkinin əhəmiyyəti barədə danışan natiqlər bildiriblər ki, ölkəmizin beynəlxalq arenada söz sahibi olan dövlətə çevrilməsində Prezident İlham Əliyevin misilsiz rolu var. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan ötən 20 il ərzində bütün sahələrdə mühüm uğurlar əldə edib.
Görüşdə çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycana uğurla rəhbərlik edən Lider İlham Əliyevə səs verəcəklərini əminliklə bildiriblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Qeyd edək ki, təşviqat qrupunun üzvləri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq Bülbül prospekti, 28 May və Salatın Əsgərova küçələrində məhəllə görüşləri keçiriblər.