
Azərbaycanın hər qarış torpağı xalqımızın tarixi yaddaşında, milli kimliyində və dövlətçilik salnaməsində xüsusi yer tutur. Qarabağın dilbər guşələrindən biri olan Füzuli də uzun illər işğalın ağır nəticələrini yaşamış, sakinləri doğma yurdlarından didərgin salınmış, yaşayış məntəqələri dağıdılmış, tarixi-mədəni irsi ciddi zərər görmüşdür. Bu gün isə Füzuli Azərbaycanın hərbi qüdrətinin, milli iradəsinin, ərazi bütövlüyünün bərpasının və azad torpaqlarda həyata keçirilən genişmiqyaslı quruculuq siyasətinin parlaq nümunəsidir.
1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu hadisə füzulililərin həyatında faciəli bir mərhələnin başlanğıcı oldu. İnsanlar ev-eşiklərini, təsərrüfatlarını, doğma kənd və şəhərlərini tərk etməyə məcbur qaldılar. İşğal nəticəsində yaşayış evləri, məktəblər, mədəniyyət müəssisələri və dini abidələr dağıdıldı, rayonun iqtisadi və sosial infrastrukturu məhv edildi. Doğma yurdlarından didərgin düşən minlərlə insan uzun illər ağır məcburi köçkün həyatı yaşadı.
Füzulinin işğalı Azərbaycan xalqının yaddaşında dərin iz buraxsa da, bu torpaqların azad olunacağına inam heç vaxt sönmədi. 1994-cü ilin yanvarında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində rayonun bir sıra yaşayış məntəqələri azad edildi. Bu əməliyyatlar Füzulinin müdafiəsi və gələcək azadlıq mübarizəsi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Həmin dövrdə əldə olunan hərbi uğurlar göstərirdi ki, Azərbaycan torpaqlarının işğalı ilə barışmayacaq və ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsini davam etdirəcək.
Sonrakı illərdə Azərbaycan dövləti güclü ordu quruculuğu, iqtisadi inkişaf və beynəlxalq mövqelərin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin müdafiə potensialının artırılması, Silahlı Qüvvələrin müasir silah və texnika ilə təchiz edilməsi, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi prioritet istiqamətlərdən oldu. Bütün bunlar 2020-ci ildə tarixi Zəfərin əldə olunması üçün möhkəm zəmin yaratdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin həlledici mərhələsi oldu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəbhənin müxtəlif istiqamətlərində uğurlu əməliyyatlar həyata keçirərək düşmənin müdafiə mövqelərini yarmağa başladı. Füzuli istiqamətində gedən döyüşlər isə müharibənin ən mühüm, gərgin və strateji əhəmiyyət daşıyan əməliyyatlarından biri kimi tarixə düşdü.
Füzulinin azadlığına aparan yolda mühüm əhəmiyyət kəsb edən döyüşlər Azərbaycan Ordusunun döyüş qabiliyyətini, yüksək peşəkarlığını və əsgər-zabitlərimizin misilsiz qəhrəmanlığını nümayiş etdirdi. Düşmənin uzun illər ərzində qurduğu müdafiə istehkamlarının yarılması, mürəkkəb relyef şəraitində irəliləyişin təmin edilməsi və strateji mövqelərin ələ keçirilməsi böyük hərbi məharət tələb edirdi. Füzuli istiqamətində qazanılan uğurlar cənub cəbhəsində əməliyyatların genişlənməsinə, Azərbaycan Ordusunun sonrakı istiqamətlərdə irəliləməsinə imkan yaratdı.
2020-ci il oktyabrın 17-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli şəhərinin işğaldan azad edildiyini elan etdi. Bu xəbər Azərbaycan xalqının onilliklər boyu həsrətində olduğu tarixi ədalətin bərpası, füzulililərin doğma yurda qayıdış ümidinin gerçəkləşməsi demək idi. Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun bir sıra kəndləri də azad olundu.
Füzulinin azad olunması ilə rayonun həyatında yeni dövr başlandı. Lakin qarşıda böyük və mürəkkəb vəzifələr dayanırdı. İşğal dövründə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, yolların, elektrik, su və digər kommunal infrastrukturun bərpası, ərazilərin minalardan təmizlənməsi, sakinlərin təhlükəsiz yaşayışının təmin edilməsi dövlətin qarşısında duran əsas məsələlər idi.
Azərbaycan Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi təsis edilib. Bu əlamətdar tarix xalqımız üçün azadlığın, qəhrəmanlığın və tarixi ədalətin təntənəsini ifadə edir. Füzuli Şəhəri Günü həm Vətən müharibəsində canından keçən şəhidlərimizin xatirəsinə ehtiram, həm də doğma torpaqların dirçəldilməsi naminə çalışan insanların əməyinə verilən qiymətdir.
Bu gün Füzulidə yeni yaşayış evləri ilə yanaşı, məktəblər, sosial obyektlər, ictimai məkanlar və müasir şəhər infrastrukturu yaradılır. Şəhərin yenidən qurulması sakinlərin rahat yaşayışı, uşaqların təhsili, gənclərin inkişafı və yeni iş imkanlarının formalaşması üçün geniş perspektivlər açır. Böyük Qayıdışın mahiyyəti də məhz bundan ibarətdir: insanları doğma yurdlarına qaytarmaqla yanaşı, həmin ərazilərdə davamlı həyatın, iqtisadi fəallığın və sosial rifahın bərpasını təmin etmək.
Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri



