AnalitikaGündəmSiyasət

17 Oktyabr – Füzuli Şəhəri Günü: Qayıdışın, dirçəlişin və milli qürurun təntənəsi

Azərbaycanın müasir tarixində xüsusi yer tutan 17 Oktyabr – Füzuli Şəhəri Günü xalqımızın yaddaşında azadlıq, doğma yurda qayıdış və milli həmrəyliyin rəmzi kimi yaşayır. Bu əlamətdar gün Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizənin nəticələrini, xalqımızın öz torpaqlarına bağlılığını və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərini özündə əks etdirir. Füzulinin azad olunması Azərbaycan xalqının tarixi ədalətin bərpasına olan inamının gerçəkləşdiyi mühüm hadisələrdən biridir.

Füzuli şəhəri 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, uzun illər ərzində şəhərin yaşayış infrastrukturu dağıdılmış, tarixi və mədəni irsinə ciddi ziyan vurulmuşdur. Doğma yurdlarından didərgin düşmüş füzulililər illərlə öz evlərinə qayıtmaq arzusu ilə yaşamış, bu həsrət nəsillərin yaddaşında silinməz izlər buraxmışdır. Lakin Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı ilə barışmamış, ölkəmizin ərazi bütövlüyünün bərpasına olan inamını qoruyub saxlamışdır.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixində yeni mərhələnin əsasını qoydu. Azərbaycan Ordusunun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində bir sıra ərazilər, o cümlədən Füzuli rayonu işğaldan azad edildi. 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin azad olunması xəbəri ölkəmizdə böyük sevinc və qürur hissi ilə qarşılandı. Bu qələbə Azərbaycan əsgərinin qəhrəmanlığının, xalqımızın birliyinin və dövlətimizin qətiyyətinin tarixi təcəssümünə çevrildi.

Füzulinin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi hər zaman dərin ehtiramla yad edilir. Vətən uğrunda döyüşən hər bir Azərbaycan övladının göstərdiyi igidlik və fədakarlıq bu günümüzün ən qiymətli mənəvi dayaqlarındandır. Şəhərin azad edilməsi təkcə hərbi uğur deyil, həm də uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların ümidlərinin yenidən canlanması demək idi. Bu qələbə gələcək nəsillərə vətənpərvərlik, milli məsuliyyət və doğma torpağa sədaqət nümunəsi kimi ötürülür.

Bu gün Füzuli Şəhəri Günü yalnız bir şəhərin azad edilməsinin ildönümü deyil, həm də xalqımızın tarixi yaddaşının, milli birliyinin və gələcəyə inamının ifadəsidir. Doğma yurda qayıdış prosesi insanların uzun illər davam edən həsrətinə son qoymaqla yanaşı, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi strategiyasının mühüm tərkib hissəsidir. Füzulinin yenidən qurulması, burada həyatın canlanması və gələcək nəsillər üçün yeni imkanların yaradılması Azərbaycanın sülhə, tərəqqiyə və davamlı inkişafa yönəlmiş məqsədlərini əks etdirir.

17 Oktyabr – Füzuli Şəhəri Günü münasibətilə şəhərin azadlığı uğrunda mübarizə aparmış qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla anır, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Füzulinin azadlığı Azərbaycan xalqının iradəsinin, dövlətimizin gücünün və milli birliyimizin tarixi nəticəsidir. Bu gün yenidən qurulan Füzuli gələcəyə ümidlə baxan, öz tarixi köklərinə bağlı və inkişaf yolunda inamla irəliləyən Azərbaycanın rəmzlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır.

Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button