
17 Oktyabr – Füzuli Şəhəri Günü Azərbaycan xalqının yaddaşında xüsusi yer tutan, milli qürurumuzu və tarixi zəfərimizi əks etdirən əlamətdar gündür. Bu tarix Füzuli şəhərinin işğaldan azad olunmasının ildönümü olmaqla yanaşı, xalqımızın əzmini, dövlətimizin gücünü və torpaqlarımıza bağlılığımızı nümayiş etdirir.
2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzuli şəhərini işğaldan azad etdi. Bu tarixi hadisə Vətən müharibəsində qazanılan böyük Qələbənin mühüm mərhələlərindən biri oldu. Uzun illər doğma yurdlarından ayrı düşmüş insanların qəlbində qayıdış ümidi yenidən canlandı.
Bu gün Füzulidə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gücünü, iqtisadi imkanlarını və gələcəyə inamını nümayiş etdirir. Müasir infrastrukturun yaradılması, yolların çəkilməsi, yaşayış məhəllələrinin salınması və sosial obyektlərin inşası doğma torpaqlarımızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə mühüm töhfə verən tarixi addımlardandır. Bütün bu layihələr işğaldan azad edilmiş ərazilərin ölkəmizin iqtisadi və sosial həyatına reinteqrasiyasını sürətləndirir.
17 Oktyabr – Füzuli Şəhəri Günü xalqımızın birliyinin, milli iradəsinin və sarsılmaz vətənpərvərlik ruhunun təntənəsidir. Füzuli bu gün azadlığın, quruculuğun və Böyük Qayıdışın rəmzi kimi Azərbaycanın parlaq gələcəyinə doğru inamla irəliləyir.
Cavani Babayev,
YAP Şabran rayon təşkilatının sədr müavini



