AnalitikaGündəmSiyasət

Böyük Qayıdışın və Yeni Həyatın Ünvanı

Azərbaycanın qədim və tarixi şəhərlərindən biri olan Füzuli bu gün özünün yeni inkişaf dövrünü yaşayır. 17 Oktyabr – Füzuli Şəhəri Günü doğma torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizənin, qəhrəmanlığın və tarixi ədalətin bərpasının rəmzidir.

Füzuli şəhərinin 2020-ci il oktyabrın 17-də işğaldan azad edilməsi Azərbaycan xalqının həyatında mühüm tarixi hadisəyə çevrildi. Bu Qələbə yalnız ərazi bütövlüyümüzün bərpası istiqamətində atılan mühüm addım deyil, həm də illərlə yurd həsrəti ilə yaşayan insanların doğma evlərinə qayıtmaq arzusunun gerçəkləşməsi demək idi.

İşğal dövründə Füzulinin yaşayış məntəqələri, tarixi abidələri və infrastrukturu ciddi dağıntılara məruz qalmışdı. Lakin Azərbaycan dövləti qarşıya qoyduğu məqsədlərə uyğun olaraq şəhərin yenidən qurulmasını prioritet istiqamətlərdən birinə çevirdi. Bu gün burada müasir şəhərsalma prinsipləri əsasında genişmiqyaslı layihələr həyata keçirilir.

Yeni yollar, yaşayış binaları, məktəblər, sosial obyektlər və digər infrastruktur layihələri Füzulidə həyatın yenidən canlanmasına xidmət edir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması isə bu torpaqlara yeni nəfəs verir.

Füzulinin dirçəlişi dövlətimizin və xalqımızın birgə səylərinin nəticəsidir. Bu proses gələcək nəsillərə azad, firavan və təhlükəsiz Azərbaycan miras qoymaq məqsədinə xidmət edir.

17 Oktyabr münasibətilə Füzulinin qəhrəman müdafiəçilərini, şəhidlərimizi və qazilərimizi dərin ehtiramla yad edirik. Onların fədakarlığı sayəsində bu gün Füzulidə azadlıq və quruculuq dövrü yaşanır.

Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button