AnalitikaGündəmSiyasət

Əməkdaşlıq Platformasının Rəsmi Təməli

2025-ci il iyulun 2-də Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Bakıda imzalanan sənədlər, Azərbaycan-Özbəkistan münasibətlərinin hüquqi əsaslarını daha da möhkəmləndirdi. Bu sənədlər müxtəlif sahələri əhatə edərək iki ölkənin strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlıq iradəsini əyani şəkildə ortaya qoydu. Prezident Əliyev mətbuat konfransında bu sənədlərin ikitərəfli münasibətlərin inkişafı üçün yol xəritəsi rolunu oynadığını qeyd etdi.

İmzalanan sənədlər sırasında enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil və gömrük sahələrində əməkdaşlıq memorandumu və anlaşma protokolları xüsusi əhəmiyyət daşıyır. Bu sənədlər iki ölkə arasında informasiya və təcrübə mübadiləsini intensivləşdirəcək, yeni layihələrin həyata keçirilməsinə zəmin yaradacaq. Prezident İlham Əliyev vurğuladı ki, sənədlər praktiki əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir və gələcək üçün konkret hədəflər müəyyənləşdirir.

Xüsusilə nəqliyyat sahəsində imzalanan sənədlər, Orta Dəhliz vasitəsilə Azərbaycan və Özbəkistanın Avropa-Asiya yükdaşımalarında birgə rol almasına imkan verəcək. Bu, regionun tranzit potensialını genişləndirməklə yanaşı, iqtisadi gəlirliliyi də artıracaq. Eyni zamanda, sənədlər çərçivəsində nəzərdə tutulan texniki əməkdaşlıq, logistika mərkəzlərinin yaradılması və tariflərin optimallaşdırılması kimi təşəbbüslər diqqət çəkir.

Sonda Prezident Əliyev imzalanmış sənədlərin sayına və əhatə dairəsinə görə bu görüşün tarixə düşəcəyini vurğuladı. Onun sözlərinə görə, bu razılaşmalar təkcə bu gün üçün deyil, uzunmüddətli və davamlı tərəfdaşlığın təməl daşlarıdır.

Turan Zeynalzadə
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button