AnalitikaGündəmSiyasət

Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır

Azərbaycan–Ukrayna münasibətləri strateji tərəfdaşlıq, qarşılıqlı dəstək və çoxşaxəli əməkdaşlıq əsasında dinamik şəkildə inkişaf edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Prezident Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla davam etdiyini vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, dövlət başçıları arasında görüşlər artıq müntəzəm xarakter alıb. Son dörd il ərzində keçirilən yeddi görüş iki ölkə arasında dialoqun intensivliyini göstərir. Bu görüşlərin əksəriyyəti beynəlxalq təşkilatların tədbirləri çərçivəsində baş tutsa da, ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb.

Dövlət başçısı xatırladıb ki, Prezident Zelenskinin Azərbaycana ilk səfəri 2019-cu ildə baş tutub və məhz həmin vaxtdan etibarən şəxsi münasibətlər də formalaşaraq bu günədək uğurla inkişaf edir. Eyni zamanda, İlham Əliyev 2022-ci ilin yanvarında Kiyevə etdiyi səfəri də xüsusi qeyd edərək bildirib ki, həmin görüşlər və sonrakı təmaslar Ukrayna–Azərbaycan münasibətlərinin daha yüksək səviyyəyə qalxmasına təkan verib. Prezident vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq güclü siyasi və hüquqi baza üzərində qurulub. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləri bu münasibətlərin əsasını təşkil edir. Həmin sənədlərdə qarşılıqlı olaraq ərazi bütövlüyünün, suverenliyin və sərhədlərin toxunulmazlığının dəstəklənməsi prinsipləri öz əksini tapıb. Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birinin mövqeyini müdafiə edir və bu həmrəylik gələcəkdə də davam etdiriləcək.

Ötən il ərzində də münasibətlərin inkişafına xidmət edən mühüm addımlar atılıb. Bakıda Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilib, həmçinin Hökumətlərarası Komissiyanın iclası baş tutub. Görüş zamanı bu tədbirlərin növbəti mərhələdə Ukraynada keçirilməsi məsələsi də müzakirə edilib. Prezident İlham Əliyev qeyd edib ki, bu gün aparılan danışıqlar bir daha göstərir ki, tərəflər bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edir və bu əməkdaşlıq davamlı xarakter daşıyır. Energetika sahəsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi xüsusi vurğulanıb. Dövlət başçısı bildirib ki, SOCAR uzun illərdir Ukraynada uğurla fəaliyyət göstərir və bu sahədə artıq mühüm nəticələr əldə olunub. Bununla yanaşı, gələcək üçün də geniş perspektivlər mövcuddur. Birgə layihələr, investisiya imkanları və təşəbbüslər müzakirə olunub. Ticarət dövriyyəsinin artıq yarım milyard dolları keçdiyini qeyd edən Prezident İlham Əliyev bunun gələcəkdə daha da artacağına əminliyini ifadə edib. Bəyanatda hərbi-texniki əməkdaşlıq məsələlərinə də toxunulub. İlham Əliyev bildirib ki, həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və bu sahədə birgə istehsal imkanları kifayət qədər genişdir. Tərəflər yalnız müdafiə sənayesi deyil, ümumilikdə sənaye sahəsində də əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.

Sonda Prezident İlham Əliyev qeyd edib ki, son illərdə dövlət başçıları səviyyəsində keçirilən çoxsaylı görüşlər, o cümlədən iki ay əvvəl Münxendə baş tutan son görüş, əlaqələrin dinamik inkişafının göstəricisidir. O vurğulayıb ki, Azərbaycan və Ukrayna münasibətləri qarşılıqlı hörmət və maraqların təmin edilməsi prinsiplərinə əsaslanır. Prezident əminliyini ifadə edib ki, Prezident Zelenskinin bu səfəri iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verəcək.

Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button