GündəmAnalitika

“Əkinçi” qəzetinin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında və inkişafında əvəzsiz rolu olub

“Azərbaycan Milli Mətbuatının yaranmasından 149 il ötür. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri Ramil Mehdiyev deyib.

Ramil Mehdiyev bildirib ki, Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı. O vaxtdan ötən 149 ildə müxtəlif dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, sosial media inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Onun sözlərinə görə, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir. Təkcə son 10 ildə Milli Mətbuat Günü ilə bağlı ölkə başçısı İlham Əliyev mütəmadi olaraq sərəncamlar imzalaması da mətbuata verilən dəyərin bariz nümunəsidir. Mətbuat işçilərinə yaradılan gözəl imkanların müqabilində qələm əhli olan yazarların boynuna bir missiya düşür. Dövlətçilik ənənələrinə sadiq qalaraq Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, müasir dövrün tələbinə uyğun olaraq informasiya cəbhəsində yorulmadan çalışmaq. Bu yolda Azərbaycan jurnalistlərinə uğurlar arzulayıram. Qələminiz iti, sözünüz kəsərli olsun!

Oxşar Xəbərlər

Back to top button