Effektiv siyasətin strateji resursu
Müstəqilliyini bərpa etdikdən sonra qlobal iqtisadi sistemə uğurla inteqrasiya olunan Azərbaycan da müasir dövrün çağırışlarına uyğun olaraq öz iqtisadiyyatını innovativ əsaslar üzərində qurur. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısı kimi tanınır. Avropanın enerji təminatında önəmli rol oynayan ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı bərpa olunan enerji istehsalı sahəsində də yeni uğurlar qazanmaqdadır. 230 MVT gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı da bu uğurlardan yalnız biridir.Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi bir tarixi hadisə kimi yadda qaldı.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.Reallığa çevrilən hər bir layihə keçilən yolun təhlilini bir zərurətə çevirir. Bu gün böyük əminliklə Azərbaycanın yalnız neft deyil, təbii qaz, elektrik enerjisi ixracatçısı kimi artan rolundan geniş bəhs edirik. Azərbaycanın dövrün hər bir çağırışını yüksək səviyyədə cavablandırmaq üçün böyük potensiala malik olması tərəfdaşlarının sayının artmasında, iqtisadi əlaqələrinin daha da genişləndirilməsində əhəmiyyətli rol oynayır. Qaradağ Günəş Elektrik Stansiyasının qısa müddətdə açılış mərasiminin keçirilməsi özündə mühüm məqamları ehtiva edir.
Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.
Günəş Elektrik Stansiyasının açılışında çıxış edən Prezident İlham Əliyev bu elektrik stansiyasının regionumuzda ən böyük günəş elektrik stansiyası olduğunu qeyd edərək Birləşmiş Ərəb Əmirlikləri ilə birgə həyata keçirilmiş layihənin üstünlüklərindən danışıb. Gələcəkdə 1 qiqavat həcmində bərpa olunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanmasını Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsi kimi qiymətləndirib. Ölkə başçısı bildirib ki, birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir.
Təbii sərvətlərimizin istifadəsi üçün böyük potensialın olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdirilir.
Bu uğurlar vaxtilə əsası Heydər Əliyev tərəfindən qoyulmuş milli enerji siyasətinin İlham Əliyev tərəfindən yaradıcılıqla və uğurla davam etdirilməsinin nəticəsi olaraq Azərbaycan xalqının rifah halının artırılmasına xidmət edir. Bu uğurları təmin edən əsas amillər isə milli maraqlarımızın qorunması istiqamətində ölkə başçısının dönməz siyasi iradəsi və cəmiyyətimizin bu siyasətə verdiyi yekdil dəstəkdir.
Əkbərova Hüsniyyə,
Xəzər rayonu, 92 №li tam orta məktəbin tarix müəllimi



