
Müstəqil dövlətin mövcudluğu və inkişafı onun milli təhlükəsizlik sisteminin etibarlılığından, xüsusilə də güclü silahlı qüvvələrinin mövcudluğundan birbaşa asılıdır. Müasir dövrdə geosiyasi proseslərin sürətlə dəyişdiyi, regional və qlobal təhlükəsizlik çağırışlarının artdığı bir şəraitdə güclü ordu hər bir dövlətin əsas prioritetlərindən hesab olunur. Azərbaycan Respublikası da dövlət müstəqilliyini bərpa etdikdən sonra milli təhlükəsizliyin təmin edilməsini və güclü ordu quruculuğunu dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə həyata keçirilən məqsədyönlü ordu quruculuğu siyasəti Azərbaycan Silahlı Qüvvələrinin inkişafında yeni mərhələnin əsasını qoydu. Orduda vahid komandanlıq sisteminin yaradılması, hərbi intizamın möhkəmləndirilməsi, peşəkar zabit kadrlarının hazırlanması və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində görülən tədbirlər Silahlı Qüvvələrin döyüş qabiliyyətinin yüksəldilməsinə mühüm töhfə verdi.
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Müdafiə xərclərinin artırılması, müasir silah və hərbi texnikanın alınması, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, beynəlxalq təcrübənin tətbiqi və şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi Azərbaycan Ordusunu regionun ən güclü hərbi qüvvələrindən birinə çevirdi.
Həyata keçirilən məqsədyönlü siyasətin ən parlaq nəticəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər oldu. Azərbaycan Ordusu yüksək peşəkarlıq, müasir döyüş taktikaları və güclü mənəvi-psixoloji hazırlıq nümayiş etdirərək Ermənistan silahlı qüvvələrini məğlub etdi və ölkəmizin ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi. Bu qələbə illər boyu aparılan ardıcıl ordu quruculuğu siyasətinin, düzgün strateji planlaşdırmanın və dövlət rəhbərliyinin qətiyyətli fəaliyyətinin məntiqi nəticəsi idi.
2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın dövlət suverenliyinin bütün ərazilərində tam təmin olunması ilə nəticələndi. Bu uğur da bir daha sübut etdi ki, müasir Azərbaycan Ordusu qarşıya qoyulan bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirməyə qadirdir.
Bu gün Azərbaycan Ordusu yalnız ölkəmizin təhlükəsizliyinin təminatçısı deyil, həm də dövlətimizin siyasi nüfuzunun, müstəqilliyinin və milli maraqlarının etibarlı müdafiəçisidir. Ordumuzun əldə etdiyi nailiyyətlər onu göstərir ki, uzun illər ərzində həyata keçirilən məqsədyönlü və uzaqgörən ordu quruculuğu siyasəti öz bəhrəsini vermiş, Azərbaycan regionun ən güclü hərbi potensialına malik dövlətlərindən birinə çevrilmişdir.
Effektiv ordu quruculuğu siyasətinin nəticəsində formalaşan güclü Azərbaycan Ordusu bu gün ölkəmizin təhlükəsizliyinin, sabitliyinin və davamlı inkişafının əsas təminatçılarından biri kimi çıxış edir. Ordumuzun qüdrəti dövlətimizin qüdrəti, xalqımızın qürur mənbəyi və gələcək uğurlarımızın etibarlı təminatıdır.
Şəbnəm Saracova,
YAP Xətai rayon təşkilatının fəalı



