Dünyaya səs salan zəfərimiz!
İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin strateji hədəfi olub. Bu məqsədlə ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bu illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edirdi. Ordunun döyüş qabiliyyəti möhkəmlənir, yüksəlir, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edilirdi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınırdı.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi.
Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verir. Məhz bunun nəticəsi idi ki, 44 günlük bu müharibədə ordumuz böyük qəhrəmanlıq və şücaət göstərərək öz tarixi torpaqlarımızın azadlığı uğrunda böyük əzmlə döyüşdü və Qələbə qazandı.
Vətən müharibəsində 3000-dən çox Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər yaralanmış, 6 nəfər itkin düşmüşdür. Şəhid ailələrinə və qazilərimizə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Bu baxımdan Azərbaycan şəhid ailələrinə və qazilərə, ümumiyyətlə öz vətəndaşına göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Hər kəs əmin ola bilər ki, dövlət həmişə öz əsgərinin yanında olacaqdır.
Son anti-terror əməliyyatı zamanı ölkəmizin suverenliyi tam bərpa olundu. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. 44 gün davam edən haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimi birdir. İnanırıq ki, tarixin bu keşməkeşli sınağından üzüağ, alnıaçıq, şərəflə və qürurla çıxan Azərbaycan qələbəmizin rəmzinə çevrilən dəyərlərimizi daha da möhkəmləndirəcək və dünyanın formalaşmaqda olan yeni strateji mənzərəsində öz mövqeyini daha da gücləndirəcək.
Dürdanə Vəliyeva,
Xəzər rayonu, E.Əliyev adına 234 №li tam orta məktəbin müəllimi