Azərbaycan Respublikasının Prezident İlham Əliyev cari ilin 20 iyul tarixində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış etmiş və bildirmişdir ki, Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Münaqişələr və qarşıdurmalar keçmişdə qalıb.
Cənab İlham Əliyev qeyd edib ki, biz uzun illər ərzində Azərbaycan haqqında beynəlxalq mediada yayılan yalan məlumatların qurbanı olmuşuq, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq. ABŞ-da Konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edildi. Absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır.
Son vaxtlar beynəlxalq arenada Zirvə görüşlərinin intensivliyi artıb və buna böyük ehtiyac var. Bu gün Rusiya yükgöndərənləri üçün həmişəkindən daha vacib olan Şimal-Cənub Nəqliyyat Dəhlizidir. Biz bu dəhlizin buraxılış imkanlarının genişləndirilməsi barədə danışıqlar aparırıq. Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın. Vaxt keçdikcə siyasi dairələrdə – Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır.
Sovet İttifaqının süqutundan sonra Qərbdə və keçmiş sovet respublikalarının çoxunda belə bir fikir var idi ki, irəli getməyin və mövcudluğunu təmin etməyin yeganə yolu böyük ölkələrin diktəsi altında yaşamaqdır. Biz fərqli yol seçdik. Bu, asan deyildi. Bizim ölkədə sabitliyi pozmaq səyləri oldu. 2000-ci illərin əvvəllərində narıncı inqilablar, rəngli inqilablar cəhdləri olurdu. Eyni zamanda, bizim seçimimiz Azərbaycanın satellit ölkəyə, “proksi” ölkəyə, vassal, qul ölkəyə çevrilməsinin qarşısını aldı və bu da əlbəttə ki, bizim xalqımızın çox dəhşətli dərəcədə əziyyət çəkməsinə imkan vermədi. Biz de-fakto və de-yure müstəqilliyi seçdik. Müstəqil xarici siyasət, özünü təmin edən iqtisadiyyat, tərəfdaşlarımızla, – o ölkələrlə ki, onlar bizimlə əməkdaşlığa can atırdı.
Sözsüz ki, biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacağıq. Biz və bizim gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Lakin biz buna fokuslanmamalıyıq, biz bu mövzunu daimi istismar etməməliyik və onu daimi bir rəmzə çevirməməliyik, biz irəli getməliyik. Yeni milli ideyanın, yaxud da ideyaların necə olmasından asılı olmayaraq, onlar geosiyasi konteksti nəzərə almadan mövcud ola bilməz. Bölgədə geosiyasi kontekst dramatik şəkildə dəyişmişdir. Hətta kiminsə təsəvvür etdiyindən daha kəskin dəyişmişdir. Hazırda Azərbaycanın Qarabağda Qələbəsi yeganə geosiyasi dəyişiklik deyil. Cənubi Qafqaz ölkələri – hansılar ki, müharibə vəziyyətinə düşmüşdü, Baltikyanı ölkələrin yolunu təkrarlaya bilməyiblər. Həmin ölkələr açıq şəkildə münaqişələrdə olmayıb. Əgər bölgəmizdə də belə olsaydı, Cənubi Qafqaz iqtisadi inkişaf və siyasi əməkdaşlıq baxımından nümunə ola bilərdi. Çünki əsrlər boyu bizim ölkələrdə xalqlar bərabər yaşamışlar. Bu, bizim günahımız deyil ki, biz neft və qazla zənginik. Bizim fəaliyyətimiz onun əsasında qiymətləndirilməməlidir. Biz iqtisadiyyatımızı necə şaxələndirmişik, işsizliyin öhdəsindən necə gəlmişik, yoxsulluğu necə azaltmışıq, mövzular bunlar olmalıdır. Bu gün bu göstəricilər inkişaf edən ölkələrin səviyyəsindədir, bəzən ondan daha aşağı, daha azdır, yoxsulluq beş faiz səviyyəsindədir və bəzi ölkələr bunu heç yuxusunda görə bilməz. Bununla belə qazıntı yanacaq növlərindən əldə etdiyimiz gəlirlərin ədalətli paylanılması çox şəffaf şəkildə, məsuliyyətli şəkildə həyata keçirilir.
İnkişaf edən və inkişaf etmiş ölkələr arasında çox böyük qeyri-səmimiyyət, qarşılıqlı ittiham var. Hansı ölkə planetimizə daha çox ziyan vurubdur, məsuliyyətli ölkə kimdir və onları bir növ məsuliyyətə cəlb etmək və cəzalandırmaq cəhdləri var. Biz bunu geridə qoymalıyıq. Bu, bizə heç bir nəticə verməyəcəkdir. Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı olmuşdur. Milyonlarla insan bunun qurbanı olmuşdur və bəzi ölkələr hələ də bundan əziyyət çəkir. Məsələn, Qəmər adaları, Mayot adası. Hələ də onlar kolonial idarəçilik altındadır. Biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər.Təəssüflər olsun ki, Fransa hökuməti yenə də mediadan istifadə edərək bizi ittiham edir ki, guya biz onların daxili işlərinə qarışırıq. Ancaq bu, qətiyyən belə deyil. Biz bunu Avropa İttifaqında, BMT-də anti-Azərbaycan mövqeyi ilə əlaqələndiririk. Onlar Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar.
Azərbaycanlılar hələ XX əsrin əvvəllərində – 1918-ci ildə və müharibədən dərhal sonra, Qərb ölkələrində yaşayan ermənilərin Ermənistana köçürülməsi və onların yerləşdirilməsi kimi tam düşünülmüş bir bəhanə ilə indiki Ermənistan ərazisindən deportasiyaya məruz qalıblar. Bu deportasiya prosesi əsrin sonlarına qədər davamlı şəkildə həyata keçirilirdi. Və nəticədə Ermənistanda yaşayan bütün azərbaycanlılar öz doğma torpaqlarından didərgin salındı. Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və onların nəsillərinin sayı bu gün Azərbaycanda milyonlarladır. Əgər buna Azərbaycanın region kontekstindən yanaşsaq, bu, əhalisinin sayına görə ölkəmizin ən böyük regionudur.
Münaqişəyə və işğala Azərbaycan özü son qoydu və 20 il ərzində razılaşdırılmış bütün prinsiplər tərəfimizdən təmin edildi. Azərbaycan öz suverenliyini ötən ilin sentyabrında bərpa etdikdən sonra biz daha üç ay gözlədik ki, Ermənistan nəhayət, danışıqlara yenidən başlasın. Yəni, praktiki baxımdan mahiyyət etibarilə real danışıqlar altı aydır – dekabr ayından başlayaraq gedir və o, xarici işlər nazirləri səviyyəsində həyata keçirilir. Müxtəlif ölkələrdə bir neçə görüş keçirilibdir. Sülh sazişinin mətnin 80-90 faizi razılaşdırılıb. Ancaq burada yenə də hazırda iki məsələ var. Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki artıq uzun müddətdir bu qrup fəaliyyətsizdir, bəlkə də bir-iki ildir. Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, heç bu regionda ola bilməzlər. Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər. Bizsiz onu etmək istəyirlərsə, onlar uğursuzluğa düçar olacaqlar və bu, bir daha onlar üçün çox acınacaqlı və ağrılı bir məsələ olacaq. Növbəti şərt odur ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir. Bizim onların daxili işlərinə hər hansı bir müdaxilə etmək niyyətimiz yoxdur. Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir.
ABŞ ilə Prezident Trampın prezidentliyi dövründə çox səmərəli əməkdaşlıq əlaqələri olub. Bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi. Düzdür ABŞ-la münasibətlərin tarixində müəyyən enişli-yoxuşlu dövrlər olub. Çünki bəzən Azərbaycanla bağlı müəyyən şişirdilmiş gözləntilər olub. Digər tərəfdən, onlar bizim siyasi həyatımıza müdaxilə etməyə çalışıblar, siyasi müxalifəti maliyyələşdirmək cəhdləri ediblər. Bu cəhdlər birbaşa və ya müəyyən QHT-lər vasitəsilə olub. Amma hazırkı ABŞ Administrasiyasının fəaliyyətindən, hərəkətlərindən dərindən məyus olmuşuq.
Azərbaycan uzun illər ərzində siyasi və iqtisadi baxımdan Fələstinə dəstək göstərib. Biz onların müstəqil dövlət qurmaq arzusunu hər zaman dəstəkləmişik. Yaxın Şərqdə sülhün təmin edilməsi baxımından iki dövlətli həll yolu yeganə çıxış yoludur: Fələstin dövlət qurmalıdır və Şərqi Qüds onun paytaxtı olmalıdır. Azərbaycan bu günədək Ukrayna xalqına humanitar və maliyyə dəstəyi göstərib. Qırx milyon avroya yaxın yardım edilibdir və bu yardım davam edir, tamamilə şəffaf yardımdır. Ukraynalı uşaqlar Azərbaycana gəlir, burada reabilitasiya keçirlər. Biz kömək üçün əlimizdən gələni edəcəyik.
2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatından sonra – bizim Laçın dəhlizi üzərində nəzarətimiz olmadığı dövrdə Ermənistandan mina daşınırdı və onlar orada basdırılırdı. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra belə onlar bizə qarşı mina terroru həyata keçirirdilər.2020-ci ildən bu yana 300-dən çox insan ya həlak olub, ya da yaralanıb. Təəssüf ki, nəhayət, Ermənistanın bizə verdiyi mina xəritələri tamamilə yararsızdır, onlar dəqiq deyil. Azad edilmiş ərazilərdə artıq 8 minə yaxın əhali yaşayır. İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq. Bir neçə ay əvvəl biz 23 binadan ibarət yaşayış kompleksini istifadəyə verdik, üç, dörd, beşmərtəbəli binalardır.
Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan coğrafi baxımdan eyni regiondur. Onlar yaşıl enerji zonaları elan edilib. Burada çox böyük potensial var, həm də Günəş elektrik enerjisi baxımından.Tam inteqrasiya olunmuş elektrik kabeli layihəsi həyata keçirildikdən sonra Qarabağda istehsal edilən elektrik enerjisi Azərbaycanın digər bölgələrinə nəql olunacaqdır. Naxçıvanda 500 meqavat gücündə Günəş Elektrik Stansiyası ilə bağlı böyük planımız var. İkinci Qarabağ müharibəsi bitdikdən sonra biz hidroelektrik enerjisi sahəsinə vəsait yatırmışıq. Bu üç il ərzində 270 meqavat həcmində su elektrik stansiyaları artıq fəaliyyətdədir.
1994-cü ildə Ulu Öndər tərəfindən tarixi qərar qəbul edildi və “Əsrin müqaviləsi”imzalandı. Bu müqavilə imzalanandan iki həftə keçməmiş dövlət çevrilişinə cəhd edildi və bunun səbəblərindən biri məhz bu müqavilə idi. Ondan sonrakı geosiyasi gedişatların da təməlində məhz bu dayanırdı. Bu müqavilə Azərbaycana əsl müstəqillik gətirə biləcək bir müqavilə idi və onu o vaxt biz də bilirdik, dostlarımız da bilirdi, bizi istəməyənlər də bilirdi. Bu, bizim üçün bir nəfəs borusu, bir oksigen borusu idi. 1994-cü ilin sentyabr ayında müqavilə imzalandı, 3-4 aydan sonra parlamentdə ratifikasiya edildi, qanun kimi qüvvəyə mindi və 1997-ci ilin noyabr ayında “Çıraq-1” platformasından ilk neft çıxarıldı. Ondan iki il sonra Bakı-Supsa kəməri tikildi, daha sonra Ulu Öndər öz əlləri ilə Bakı-Tbilisi-Ceyhanın təməlini qoydu. Yəni, bütün bunlar o vaxt da, bu gün də bizim gördüyümüz işlərin nə qədər uzunmüddətli olduğunu bir daha göstərir.
“Troyka”nın təsisi ilə bağlı da fikirlərini söyləyən dövlət başçısı “Troyka”nın təsis edilməsinin təşəbbüskarının Azərbaycan olduğunu bildirdi. Bu, ötən, hazırkı və gələcək sədrlərin – Birləşmiş Ərəb Əmirliklərinin, Azərbaycanın və Braziliyanın “Troykası”dır. Bu, bir mexanizmdir. Buna qədər bu, mövcud deyildi. Bizim bu təklifimiz Birləşmiş Ərəb Əmirlikləri və Braziliya tərəfindən dəstəkləndi. COP, sadəcə, bir və ya iki həftə davam edən tədbir deyil. Bu, davamlı bir prosesdir.Biz çox gözəl bilirik ki, ən böyük karbon tullantılarını istehsal edən və ətraf mühiti çirkləndirən böyük ölkələr hansılardır. Ancaq elə bir platforma yaradılmalıdır ki, daha geniş maliyyə imkanlarına malik olan ölkələr digərlərinə kömək etsin. “OPEC+” formatının üzvü olaraq biz neft istehsalçısı olan ölkələrlə öz işimizi gördük. Əlbəttə, daha çox gəlir əldə edən ölkələr daha çox maliyyə töhfəsi verməlidir. O ölkələr ki, atmosferə daha çox tullantı buraxır və pulları var, onlar da maliyyə baxımından töhfə verməlidir.
Türk dünyası birliyinə də diqqət çəkən Cənab Prezident Türk Dövlətləri Təşkilatının da dünya miqyasında güc mərkəzinə çevrilməli olduğunu vurğulayıb. Qeyd edib ki, hər cümhuriyyətin öz siyasəti, öz baxışları var və biz təşkilat olaraq hər bir ölkənin müstəqilliyini dəstəkləyirik, qoruyuruq və hər şeydən üstün tuturuq.
Ləman Babayeva,
Xəzər rayonu, 292 №li tam orta məktəbin direktor müavini