AnalitikaGündəmSiyasət

Dövlət Suverenliyi Gününün təsis edilməsi

Azərbaycanın müasir tarixi xalqımızın qəhrəmanlıq salnaməsi, milli iradə və azadlıq əzminin rəmzidir. Bu tarixin ən şanlı səhifələrindən biri isə 8 Noyabr – Zəfər Günüdür. Bu gün Azərbaycan xalqının, dövlətinin və ordusunun gücünü, birliyini, vətənə sədaqətini, torpaq sevgisini nümayiş etdirən, milli qürur mənbəyimizə çevrilmiş tarixdir.
1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı başladığı təcavüz nəticəsində Qarabağ və ətraf rayonlar işğal edilməsi, Xocalı soyqırımı, bir milyondan çox qaçqın və məcburi köçkün, dağıdılmış şəhər və kəndlər Azərbaycan xalqının yaddaşında dərin izlər buraxmışdı. Lakin xalq bu ədalətsizliyə heç vaxt boyun əyməmiş, torpaqlarının azad olunacağı günə inamını itirməmişdir.

2020-ci ilin 27 sentyabrında Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamış və 44 gün ərzində Azərbaycan xalqının tarixi qürurunu bərpa etmişdir
Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bir-birinin ardınca şəhər və kəndlərimizi işğaldan azad etməklə xalqın ruhunu, qüdrətini daha da yüksəltmişdir. 44 günlük Vətən müharibəsində yüzlərlə qəhrəman Azərbaycan əsgəri və zabiti şəhidlik zirvəsinə ucalmışdı. Onların qəhrəmanlığı və fədakarlığı sayəsində bu gün üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarda qürurla dalğalanmaqdadır.

8 noyabr 2020-ci il Azərbaycan xalqının yaddaşına Zəfər Günü kimi həkk olunmuşdur. Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın tacı, Şuşa şəhəri qəhrəman oğullarımızın şücaəti nəticəsində azad edilmişdir. Bu günün əhəmiyyəti təkcə bir şəhərin azadlığı deyil, 30 illik həsrətin bitməsi, ədalətin bərpası, milli qürurun ucalığı idi. Şuşanın azad olunması Ermənistan ordusunun tam məğlubiyyətini təmin etmiş və 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla müharibə Azərbaycan Respublikasının tam qələbəsi ilə başa çatmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə 8 Noyabr – Zəfər Günü kimi təsis edilmişdir. Bu gün hər il ölkəmizdə dövlət səviyyəsində təntənə ilə qeyd olunur. Bakıdan Şuşaya, Zəngilandan Laçına qədər hər yerdə üçrəngli bayrağımız dalğalanır, Zəfər yürüşləri və paradları keçirilir, şəhidlərimizin ruhu ehtiramla yad olunur.

Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra Azərbaycan ərazisində separatçı qüvvələr hələ də qalmaqda idi və həmin separatçılar təxribatlar törətməkdə, revanş planları qurmaqda davam edirdilər.

2023-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda baş verən genişmiqyaslı təxribatlara cavab olaraq, dövlətimizin ərazi bütövlüyünü və konstitusiya quruluşunu tam bərpa etmək məqsədilə Azərbaycan Ordusu lokal antiterror tədbirlərinə başladı. Cəmi 23 saat davam edən bu əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları tərksilah edildi, qanunsuz silahlı birləşmələr torpaqlarımızdan çıxarıldı və Azərbaycanın suveren hüquqları tam şəkildə bərpa olundu.

Bu qısa, lakin tariximiz üçün mühüm əməliyyat Azərbaycanın növbəti parlaq Qələbəsi kimi dövlət salnaməsinə yazıldı. Müzəffər Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla və dəqiqliklə yerinə yetirdi. Bu Qələbə nəticəsində artıq Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin təmin olunduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Bu tarixi hadisənin əhəmiyyətini nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən 2023-cü il sentyabrın 20-si “Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü” elan edilmişdir. Bu qərar həm 2020-ci ildə qazanılmış Zəfərin məntiqi davamı, həm də Azərbaycan dövlətçiliyinin müasir mərhələdə tam bərpasının rəmzidir. Dövlət Suverenliyi Günü təkcə hərbi və siyasi qələbənin deyil, həm də xalqın birliyinin, ordunun gücünün və Prezidentin dəmir iradəsinin təntənəsidir. Bu gün Azərbaycan dünyaya sübut etdi ki, öz torpaqlarını azad etməyə, konstitusiya quruluşunu qorumağa qadir olan müstəqil, güclü dövlətdir.

Beləliklə, 20 sentyabr Azərbaycan dövlətçiliyi tarixində yeni bir mərhələ açdı. Bu gün hər bir azərbaycanlı qürurla deyə bilər ki, artıq ölkəmizin suverenliyi bütün ərazilərdə bərqərardır, üçrəngli bayrağımız Qarabağdan Arazadək, Xankəndidən Şuşayadək əzəmətlə dalğalanır.

Daşqın Mikayılov
YAP Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button