
Dövlət Suverenliyi Günü xalqımızın tarixi yaddaşında yalnız bir bayram və ya anım günü deyil, milli kimliyimizin, müstəqilliyimizin və dövlətçiliyimizin rəmzidir. Bu gün xalqımızın əsrlər boyu azadlıq uğrunda apardığı mübarizələrin nəticəsi, dövlət qurmaq əzminin, milli iradəsinin parlaq təcəssümüdür. Suverenlik millətin öz taleyini müstəqil şəkildə müəyyən etməsi, daxili və xarici siyasətini yalnız öz milli maraqlarına uyğun şəkildə həyata keçirməsi deməkdir.
Azərbaycan xalqı tarix boyu müstəqillik ideallarına sadiq olmuş, ən çətin zamanlarda belə azadlıq amalından geri çəkilməmişdir. XX əsrin sonlarında əldə edilən dövlət müstəqilliyi isə xalqımızın yüzillik arzularının gerçəkləşməsi idi. Lakin bu müstəqillik asan başa gəlməmiş, böyük sınaqlardan, faciələrdən, fədakarlıqlardan keçmişdir. Sovet imperiyasının dağılması, Ermənistanın təcavüzü, daxili siyasi çətinliklər dövlətimizin suverenliyinə ciddi təhlükələr yaratmışdı. Amma xalqımızın iradəsi, milli həmrəyliyi və müdrik liderlərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz müstəqilliyini qoruyub saxladı və onu daha da möhkəmləndirdi.
Dövlət suverenliyi yalnız siyasi atributlarla məhdudlaşmır. Onun güclü olması üçün müstəqil iqtisadiyyat, dayanıqlı siyasi sistem, güclü ordu və milli birliyin mövcudluğu vacibdir. Məhz bu amillər Azərbaycanın müstəqil siyasət yürütməsinə, öz maraqlarını beynəlxalq arenada müdafiə etməsinə şərait yaratdı. Bu gün Azərbaycan regionda lider mövqeyini möhkəmləndirmiş, öz sözünü deyən, suverenliyinə qətiyyətlə sahib çıxan dövlətə çevrilmişdir.
Dövlət Suverenliyi Günü bizə bir həqiqəti xatırladır: müstəqillik ən böyük sərvətimiz, ən qiymətli milli dəyərimizdir. Bu dəyəri qorumaq, gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının müqəddəs borcudur. Suverenlik milli varlığımızın, azadlığımızın, gücümüzün təminatıdır.
Bu gün biz qürurla deyirik ki, Azərbaycan xalqı öz suverenliyini təkcə qoruyub saxlamaqla kifayətlənməmiş, həm də onu daha da möhkəmləndirmiş, dövlətini gücləndirmiş, gələcəyə inamla addımlayan qüdrətli bir millət kimi dünyada tanıtmışdır. Dövlət Suverenliyi Günü Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsası olaraq tariximizdə əbədi yaşayacaqdır.
Aida Əliyeva
YAP Xəzər rayon təşkilatının məsləhətçisi