
Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında diplomatik münasibətlər ötən əsrin sonlarından baslamışdır. Ölkələr arasında coğrafi uzaqlığın olmasına baxmayaraq, tərəflər uzun illərdir ki, qlobal müstəvidə güclü dostluq və tərəfdaşlıq əlaqələri nümayiş etdirirlər. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin suverenliyini və maraqlarını aktiv şəkildə dəstəkləyir.
İkitərəfli münasibətlərin tarixinə nəzər salsaq, ən mühüm dönüş nöqtələrindən biri 12 oktyabr 2026-cı il tarixində Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Baş nazir Hun Manetin iştirakı ilə Bakıda keçirilən geniş tərkibli görüşlər və sənədlərin mübadiləsi mərasimi iki ölkənin iqtisadi ambisiyalarını ortaya qoydu.
Səfər çərçivəsində iqtisadi inteqrasiyanı sürətləndirmək məqsədilə mühüm hüquqi bazalar yaradılmışdır. İki ölkənin iqtisadiyyat və ticarət nazirləri tərəfindən “Gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” imzalanmışdır. İqtisadi əməkdaşlığı genişləndirmək məqsədilə “Ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi” rəsmiləşdirilmişdir. Prezident İlham Əliyevin bəyanatına əsasən, iki ölkə arasında ticarət və investisiya dövriyyəsini artırmaq, mövcud informasiya qıtlığını aradan qaldırmaq üçün Birgə İşçi Qrupu yaradılıb.
Həmçinin səfər zamanı hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumu təşkil olunub. Kambocanın Baş naziri qeyd edib ki, Azərbaycan və Kambocanın bir-birini tamamlayan iqtisadi potensiallarının, xüsusilə energetika və investisiya sahəsindəki üstünlüklərinin birləşdirilməsi regionda dinamik və fəal biznes ekosistemi formalaşdıracaq.
Azərbaycan-Kamboca münasibətləri yalnız siyasi-iqtisadi platforma ilə məhdudlaşmır. Ölkələr arasında turizm və mədəniyyət sahəsində də addımlar atılmaqdadır. Hələ 2025-ci ilin iyulunda Pnompen şəhərində imzalanmış turizm əməkdaşlığına dair Anlaşma Memorandumu turizm mübadiləsinə rəvac vermişdir.
Müasir dünyada coğrafi məsafələrin artıq maneə rolunu oynamadığını sübut edən Azərbaycan və Kamboca, qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq qurmaqdadırlar. Qəbul edilən yeni qərarlar, vergi və ticarət sazişləri və 2027-ci ilə qədər reallaşdırılması planlaşdırılan müştərək investisiya layihələri yaxın gələcəkdə iki ölkə arasındakı ticarət dövriyyəsinin kəskin şəkildə artacağından xəbər verir. Azərbaycanın Asiya regionuna inteqrasiyası və yeni bazarlara çıxış strategiyasında Kamboca mühüm və etibarlı tərəfdaş kimi öz mövqeyini möhkəmləndirməkdədir.
Maya Qənbərova,
Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi



