
Azərbaycanın müstəqillik tarixində enerji sektoru təkcə iqtisadi inkişafın deyil, həm də dövlət quruculuğunun, beynəlxalq tərəfdaşlıqların və geosiyasi mövqelərin möhkəmlənməsinin əsas sütunlarından biri olub.
İyunun 1-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərin açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də məhz bu reallığın növbəti təsdiqi kimi diqqəti cəlb edir. Dövlət başçısının vurğuladığı kimi, vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan platforma sonradan genişlənərək Bakı Enerji Həftəsinə çevrilib. Bu fakt təkcə tədbirin miqyasının böyüməsini deyil, həm də Azərbaycanın enerji sektorunda keçdiyi inkişaf yolunu əks etdirir. Əslində, ötən onilliklər ərzində ölkənin enerji strategiyasının formalaşması və beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınması məhz bu platformalarda atılan addımlarla sıx bağlıdır.
Müasir dövrdə enerji təhlükəsizliyi dövlətlərin iqtisadi inkişafının, milli təhlükəsizliyinin və beynəlxalq əməkdaşlığının əsas komponentlərindən biri kimi çıxış edir. Qlobal enerji bazarında baş verən dəyişikliklər, enerji resurslarına artan tələbat, yaşıl enerji keçidi və yeni geosiyasi reallıqlar enerji siyasətinin strateji əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə zəngin enerji ehtiyatlarına malik olan və etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Respublikası regional və qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Ölkəmizin enerji strategiyasının əsası Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyası üzərində qurulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyaraq daha geniş miqyas almışdır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan beynəlxalq enerji layihələri regionun iqtisadi xəritəsini dəyişdirmiş, ölkəmizi Avropa ilə Asiya arasında etibarlı enerji və nəqliyyat körpüsünə çevirmişdir. Bu baxımdan Bakı Enerji Həftəsi enerji sahəsində qlobal əməkdaşlığın inkişafına xidmət edən ən nüfuzlu beynəlxalq platformalardan biri kimi xüsusi əhəmiyyət daşıyır. Dünyanın aparıcı enerji şirkətlərini, hökumət nümayəndələrini, investorları və ekspertlərini bir araya gətirən bu mötəbər tədbir enerji təhlükəsizliyi, yeni texnologiyalar, dayanıqlı inkişaf və yaşıl enerji gündəliyinin müzakirəsi üçün mühüm imkanlar yaradır.
Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



