“Böyük Qayıdış”ın ilk ünvanı

Azərbaycanın qərb qapısı olan Zəngilan bu gün Böyük Qayıdışın parlaq simvolu kimi bütün dünyada tanınır. İşğaldan azad olunan hər bir kənd və qəsəbə kimi, Zəngilan da qısa zamanda əsl intibah dövrünü yaşamağa başladı.Otuz illik dağıntılardan sonra dirçələn bu torpaqlar indi yeni həyatın nəfəsi ilə nəfəs alır.Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr Zəngilanı dünyanın ən müasir bölgələrindən birinə çevirir.
20 oktyabr Zəngilan Şəhəri Günü bu əzəmətli dirçəlişin və xalqımızın zəfər tarixinin şərəfinə qürurla qeyd olunur. Rayonda həyata keçirilən quruculuq işləri sürəti və keyfiyyəti ilə h hər kəsi heyran edir. Zəngilanın coğrafi üstünlükləri və təbii sərvətləri bölgənin inkişafı üçün böyük perspektivlər açır.
İnfrastrukturun sıfırdan qurulması Zəngilanın gələcək iqtisadi inkişafının təməlini təşkil edir. Zəngilan Beynəlxalq Hava Limanı bu diyarın qlobal dünyaya açılan sürətli pəncərəsidir. Beynəlxalq standartlara cavab verən hava limanı bölgənin turizm potensialını maksimum səviyyəyə qaldırır. Yol-nəqliyyat şəbəkəsinin genişləndirilməsi Zəngilanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə gücləndirir. Zəngəzur dəhlizinin ayrılmaz hissəsi olan Zəngilan regionun logistika mərkəzinə çevrilməkdədir.
Rayonun ən məşhur simvollarından biri olan Ağalı kəndi “Ağıllı kənd” konsepsiyasının ilk uğurlu nümunəsidir. Ən müasir texnologiyalarla təchiz edilmiş Ağalı kəndində yaşayış üçün ən yüksək standartlar yaradılıb. İlk köçkünlərin öz doğma yurdlarına qayıdışı Zəngilanda yeni və xoşbəxt həyatın başlanğıcı oldu. Ağalı kəndinin sakinləri üçün müasir iş yerləri açılıb, sosial və məişət şəraitləri tam təmin edilib.
Zəngilanın təbiəti, yaşıllıqları və bənzərsiz landşaftı bu quruculuqla mükəmməl uyğunluq təşkil edir. İşğal dövründə kəsilən ağacların əvəzinə minlərlə yeni tinglər əkilərək ekoloji tarazlıq bərpa olunur. Bəsitçay qoruğunun mühafizəsi və təbii sərvətlərin qorunub saxlanılması diqqət mərkəzindədir.
Rayonda alternativ və bərpa olunan enerji mənbələrindən geniş şəkildə istifadə olunması ekologiyanın qorunmasına xidmət edir. Su və günəş enerjisi stansiyaları Zəngilanı tamamilə “yaşıl zona”ya çevirir.
Kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr ərzaq təhlükəsizliyinə mühüm töhfə verir. Müasir aqroparkların yaradılması yerli sakinlərin məşğulluğunu təmin edən əsas amillərdəndir.
Zəngilanda tikilən yeni məktəblər və uşaq bağçaları gələcək növlerin parlaq təhsil almasına xidmət edir. Səhiyyə ocaqlarının ən müasir avadanlıqlarla təchiz olunması əhalinin sağlamlığının keşiyində dayanır.
Mədəniyyət ocaqları, kitabxanalar və idman kompleksləri gənclərin inkişafı üçün geniş imkanlar açır. Tarixi abidələrimiz, məscidlərimiz öz əsl memarlıq üslubunda bərpa edilərək xalqımıza qaytarılır.
Zəngilan Şəhəri Günü ərəfəsində təşkil olunan tədbirlər hər bir azərbaycanlının qürurunu daha da artırır.
Şəhidlərimizin əziz xatirəsi Zəngilanda hər zaman uca tutulur və ehtiramla yad edilir. Qazilərimizin və veteranlarımızın bu torpaqlardakı qürurlu addımları qələbənin əbədi simvoludur.
Zəngilana gələn yerli və xarici qonaqlar burada görülən işlərə böyük heyranlıqla yanaşırlar. Beynəlxalq tədbirlər Zəngilanın dünya səviyyəsində tanıdılmasında mühüm rol oynayır.
Şəhərin Baş planı əsasında aparılan tikintiler Zəngilanın gələcəkdə regionun incisi olacağını sübut edir. Hər bir ailənin öz yurduna qayıtması Azərbaycan dövlətinin gücünü və qətiyyətini göstərir.
Zəngilanın hər bir küçəsində eşidilən uşaq səsləri bu torpağın əbədi yaşayacağından xəbər verir. Zəngilanın sabahı bugünkündən daha parlaq və əzəmətli olacaqdır. Xalqımızın sarsılmaz birliyi və dövlətimizin iradəsi bu inkişafı əbədi edir.
Qoy Zəngilan hər zaman sülhün, tərəqqinin və xoşbəxtliyin məskəni olsun!
Tənzilə Lətifova,
Nizami Rayon Mədəniyyət Mərkəzinin metodisti



