
Azərbaycan xalqının çoxəsrlik tarixində Vətən sevgisini, qəhrəmanlığı və milli birliyi təcəssüm etdirən əlamətdar günlərdən biri də 17 Oktyabr – Füzuli şəhəri günüdür. Bu tarix xalqımızın yaddaşında doğma torpağa qovuşmağın sevinci, tarixi ədalətin bərpası və böyük Zəfərin təntənəsi kimi yaşayır. Füzulinin azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda atılmış mühüm addımlardan biri olmaqla, dövlətimizin gücünü və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirdi.
Füzuli şəhəri Qarabağın zəngin tarixə və mədəni irsə malik yaşayış məskənlərindəndir. Bu torpağın hər qarışı xalqımızın keçmişini, adət-ənənələrini və mənəvi dəyərlərini özündə yaşadır. Şəhərin sakinləri uzun illər doğma yurdlarından ayrı düşsələr də, Füzuliyə qayıtmaq ümidini heç vaxt itirmədilər. Onların qəlbində doğma evlərin işığının yenidən yanacağına, küçələrdə uşaqların səsinin eşidiləcəyinə və həyatın öz axarına qayıdacağına dair inam yaşayırdı.
1993-cü il avqustun 23-də Füzuli şəhərinin işğal olunması minlərlə insanın həyatında ağır izlər buraxdı. İnsanlar ev-eşiklərini tərk etməyə məcbur oldular, şəhərin tarixi və mədəni irsi isə ciddi dağıntılara məruz qaldı. Uzun illər davam edən həsrət füzulililərin doğma torpaqlarına bağlılığını zəiflətmədi. Əksinə, bu həsrət Vətənə qayıtmaq arzusunu daha da gücləndirdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın taleyində yeni bir mərhələ açdı. Azərbaycan Ordusunun əsgər və zabitləri böyük qəhrəmanlıq, iradə və peşəkarlıq nümayiş etdirərək işğal altındakı torpaqlarımızın azadlığı uğrunda mübarizə apardılar. Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi bu mübarizənin mühüm tarixi nəticələrindən biri oldu. Bu qələbə xalqımızın illərlə qəlbində yaşatdığı arzunun gerçəkləşməsi, doğma yurda qayıdış yolunun açılması demək idi.
Füzulinin azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Onların fədakarlığı, qazilərimizin şücaəti və Azərbaycan əsgərinin döyüş əzmi gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Bu gün Füzulidə dalğalanan üçrəngli Azərbaycan bayrağı həmin qəhrəmanlığın, milli birliyin və dövlət müstəqilliyimizin rəmzidir.
Azadlıqdan sonra Füzulidə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Şəhərin müasir tələblərə uyğun yenidən qurulması, yol-nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yaşayış sahələrinin və sosial obyektlərin yaradılması istiqamətində mühüm layihələr həyata keçirilir. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi şəhərin strateji əhəmiyyətini artırmaqla yanaşı, Qarabağın nəqliyyat imkanlarının genişlənməsinə də şərait yaradır.
Bu gün Füzuli tədricən əvvəlki həyatına qayıdır, yeni görkəm alır və gələcəyə doğru inamla addımlayır. Şəhərin bərpası yalnız tikinti işləri ilə məhdudlaşmır. Burada əsas məqsəd insanların rahat yaşayacağı, işləyəcəyi, təhsil alacağı və öz gələcəyini quracağı müasir yaşayış mühiti yaratmaqdır. Doğma yurda qayıdan ailələrin sevinci, yenidən açılan məktəblər və qurulan yeni həyat Füzulinin dirçəlişinin ən gözəl göstəriciləridir.
Böyük Qayıdış prosesi Füzulinin həyatında xüsusi yer tutur. Uzun illər doğma torpaqlarından uzaqda yaşayan insanların öz evlərinə qayıtması tarixi ədalətin bərpasının mənəvi ifadəsidir. Hər bir ailənin qayıdışı, hər bir evin yenidən canlanması şəhərin gələcəyinə olan inamı gücləndirir. Füzulinin yenidən qurulması həm də Azərbaycan dövlətinin azad edilmiş ərazilərin inkişafına göstərdiyi diqqət və qayğının təzahürüdür.
17 Oktyabr – Füzuli şəhəri günü bizə bir daha xatırladır ki, Vətən yalnız yaşadığımız torpaq deyil, həm də tariximiz, kimliyimiz, mənəvi dəyərlərimiz və gələcəyimizdir. Bu əlamətdar gün xalqımızın birliyinin, milli həmrəyliyinin və doğma torpaqlara sonsuz məhəbbətinin təntənəsidir. Füzulinin azadlığı sübut etdi ki, xalq öz tarixi yaddaşına və milli məqsədlərinə sadiq qalaraq ən çətin sınaqlardan belə üzüağ çıxa bilər.
Bu gün Füzuli şəhəri azadlığın, yenidən doğuluşun və quruculuğun rəmzi kimi inkişaf edir. Onun hər bir uğuru Azərbaycanın ümumi tərəqqisinə, Qarabağda davamlı həyatın bərpasına və gələcək nəsillərin firavanlığına xidmət edir.
Ləman Cəlilova,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru



